Accessibility links

Azərbaycan magistral yollarını beynəlxalq standartlara uyğunlaşdırır


Bakı-Rusiya, Bakı-Şamaxı, Ələt-Astara avtomobil yollarının tikintisi davam etdirilir. Bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, Bakı-Rusiya yolunun birinci hissəsi gələn ilin ortalarında təhvil veriləcək. Gələn ilin əvvəlindən isə həm də yolun qalan hissəsinin Gəndobdan Rusiya sərhəddinədək olan hissəsinin tikintisi davam etdiriləcək. Nazir müavini Ələt-Astara yolunun 22 kilometrində artıq tikinti işlərinin başa çatdığını deyib. “Yolun digər hissələrində gələn ilin əvvəllərində tikinti işləri başlayacaq”. Onun dediyinə görə, Bakı-Şamaxı yolu isə gələn ilin ortalarında tam istismara veriləcək. “Sonra isə yolun Muğanlı-Yevlax hissəsi bərpa olunacaq”.
M.Pənahov Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə və Gürcüstan hissəsində tikinti işlərinin davam etdirildiyini bildirib. Onun sözlərinə görə, son aylar bu ərazidə aramsız yağışlar işlərin bir qədər gecikməsinə səbəb olub. “Hazırda əsasən torpaq işləri görülür”. Yolun tikintisi üçün Gürcüstanla 200 milyon dollar məbləğində kredit sazişi imzalanıb. “Ola bilər ki, qiymətlərin artımı ilə bağlı layihənin yenidən qiymətləndirilməsi olsun”.

Musa Pənahov bildirib ki, paytaxt Bakıda əhaliyə sərnişindaşıma xidməti yüksək səviyyədə olmalıdır. Onun sözlərinə görə, yüksək xidmətin həyata keçirilməsi Nəqliyyat Nazirliyinin əsas siyasətidir. “Bunun üçün ilk öncə yeni yollar, körpülər, piyada keçidləri, yol keçidləri salınır, yeni avtobuslar istismara verilir, xidmət səviyyəsi yüksəldilir, yollarda qaydalarda dəyişikliklər edilir. Nəqliyyat vasitələrinin qrafikə uyğun hərəkəti təmin edilir”.
Nazir müavini indiyədək minədək yeni avtobusun xəttə buraxıldığını bildirib. “Bundan sonra da yeni avtobusların gətirilməsi davam etdiriləcək”. M.Pənahovun sözlərinə görə, Bakıda nəqliyyatın tənzimlənməsi və marşrutların optimalaşdırılması üzrə də hazırda işlər aparılır. “Prezidentin sərəncamı ilə Bakıda nəqliyyatın idarə olunmasının intellektual idarəetmə mərkəzi yaradılır. Bu layihə iki il ərzində həyata keçiriləcək”.


XS
SM
MD
LG