Accessibility links

Azərbaycandan Nabuccoya, NATO-ya, Avropa Birliyinə,  ABŞ-a və xarici radiolara rəsmi baxış  


Azərbaycan Prezidentinin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Amerikanın səsi" radiosuna müsahibə verib. Müsahibədə Azərbaycanın Nabucco layihəsi ilə bağlı mövqeyi, Rusiyanın Ermənistana silah verməsinə münasibət, Azərbaycan-ABŞ, Azərbaycan-Avropa Birliyi, Azərbaycan-NATO münasibətlərinə toxunulur.

Sual: Azərbaycan Nabucco qaz kəmərinin gələcəyini necə görür? Bu layihə Azərbaycanın mənafelərini necə təmin edəcək?

Cavab: Azərbaycan Nabucco layihəsinin həyata keçirilməsi üçün həm ixrac, həm də tranzit ölkə kimi əlindən gələn hər şeyi etməyə hazırdır. Nabuccoya həsr olunmuş son Sammiti də nəzərə alsaq, prezident İlham Əliyev layihənin həyata keçirilməsi ilə bağlı lazım olan bütün siyasi, maliyyə, təşkilati məsələlər ətrafında maraqlı olan Avropa dövlətləri, tranzit dövlətlərin rəhbərləri ilə hərtərəfli müzakirələr aparıb, öz mövqeyini bildirib. Layihə çox böyük maliyyə vəsaiti tələb edir. Ona görə də Nabucconun həyata keçirilməsi üçün Avropa Birliyi tərəfindən güclü siyasi iradə, güclü maliyyə dəstəyi və yaxşı təşkilatı işlər aparılmalıdır. Bu zaman Nabucconun gələcəyinə nikbin baxmaq olar və məhz elə bu zaman Azərbaycan layihənin həyata keçirilməsi üçün hər şeyi etməyə hazırdır.

Sual: Azərbaycan Nabuccoya qoşulacaqmı?

Cavab: Azərbaycan Nabuccoya qoşulmağa hazırdır və biz bunu həmişə bəyan etmişik. Amma Azərbaycan tərəfinin mövqeyi reallığı düzgün qiymətləndirməyi tələb edir. Sadəcə, Nabucco barədə danışıb, real iş görməmək Azərbaycan tərəfini təmin etmir. Azərbaycan prezidentinin Sammitdə iştirakı və mövqeyini bildirməsi də bunu göstərirdi.

Sual: Layihənin reallaşması üçün Avropa Birliyi, o cümlədən ABŞ nə etməlidir?

Cavab: ABŞ da layihəyə qoşularsa, daha yaxşı olar. Bir zaman, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri də əfsanə hesab edilirdi. Onun reallaşması üçün ABŞ hökuməti öz siyasi iradəsini ortaya qoydu və siyasi dəstək verdi. Məhz bundan sonra, nəhəng şirkətlər kəmərin reallaşması üçün maliyyə dəstəyi verdi. Ancaq, hələ ki, Nabucconun reallaşdırılması üçün şirkətlər maliyyə dəstəyi təklifləri irəli sürmür. Bizim məlumatımıza görə, hələ də Nabucco ilə bağlı Avropa Birliyinə üzv ölkələrin özündə müxtəlif fikirlər var. Azərbaycan düşünür ki, siyasi dəstəyi ortaya kim qoyacaq? Bununla bağlı, Azərbaycan artıq açıq mesajını verib. İkincisi, maliyyə dəstəyini kim verəcək? Avropa Birliyinin indiyədək ayırdığı 250 milyon dollar əslində layihənin yalnız müəyyən texniki-təşkilati işlərinə bəs edə bilər. Eyni zamanda, layihəni həyata keçirmək istəyənlər kiçik şirkətlərdir. İndiki böhran dövründə onların lazımı vəsaiti yoxdur. Ona görə də, Nabucconu bir kommersiya layihəsi kimi yox, Avropanın enerji təhlükəsizliyini təmin edəcək layihə kimi qəbul etmək lazımdır. Yalnız bundan sonra inanmaq olar ki, layihə öz kommersiya mənasını da göstərəcək. Bununla yanaşı, maraqlı dövlətlər çalışsa da Nabucconu layihələşdirəcək dövlət hələ də irəli çıxmayıb. Nəhayət, layihəni həyata keçirəcək qurum formalaşdırılmalıdır ki, sona qədər bütün işlərə cavabdeh olsun.

Sual: Avropa Birliyi Nabucco ilə bağlı may ayında Praqada yeni bir konfrans keçirəcək. Azərbaycan bu konfransdan nə gözləyir?

Cavab: Bizim istəyimiz odur ki, Avropa Birliyi lazımı addımları atsın. Çünki, bu layihə yalnız Azərbaycana lazım deyil. Avropa dövlətləri mənbə dövlətlərlə güclü iş aparmalıdır. Bunun üçün isə müəyyənləşdirilməlidir ki, Avropa Birliyi dövlətlərinə, hansı həcmdə qaz lazımdır, nə vaxt lazımdır. Sənədlər imzalanmalıdır ki, 2013-cü ildə hansı nöqtələr nə qədər qaz alacaq və qiymətlər necə olacaq. Praqa konfransında bununla bağlı geniş müzakirələr aparılmalıdır.

Sual: Nabucconun Azərbaycana siyasi təsirləri nə ola bilər? Bir çox ekspertlər hesab edir ki, Nabucconun mənbə ölkələri olacaq Orta Asiya ölkələri Rusiyanın tam nəzarəti altındadır.

Cavab: Mən bununla bağlı xüsusi danışmaq istəmirəm. Birincisi, Azərbaycan müstəqillik dövründə atdığı addımlarla xarici və daxili siyasətini müstəqil həyata keçirdiyini sübut edib. Azərbaycan Nabuccodan da çətin layihələr həyata keçirib. Ancaq, Azərbaycan bunun əvəzində beynəlxalq birlikdən lazımi dəstək görməyib. Həyatı məsələlərdə də bu dəstəyi tərəfdaşlarımızdan da görə bilmirik. Buna baxmayaraq, yenə də optimistik. Düşünürük ki, Azərbaycan tərəfdaşları, qərb dövlətləri, o cümlədən Avropa Birliyi ilə əməkdaşlıqda nə qədər yaxşı xidmətlər göstərərsə əhəmiyyəti çox olar. Buna görə də biz təzyiqlərdən danışmırıq. Çünki Nabucco layihəsindən Avropada yuxarı dairələrin danışığında Rusiyanın da iştirakından söhbət gedir. Burada təəccüb də yoxdur. Ola bilsin ki, hansısa dairələr Nabucconu anti-Rusiya layihə kimi təqdim edir. Amma bu düzgün deyil. Çünki bütün dövlətlər bazara müxtəlif sərfəli yollarla öz məhsulunu çıxarmağa çalışır. Kəmər işə düşəndən sonra Orta Asiya qazı da bu yolla daşına bilər. Avropa Birliyinin bəzi dairələri bu istiqamətdə Orta Asiya ölkələri ilə qabaqcadan da danışıqlar aparır.

Sual: Rusiya, o cümlədən İran Azərbaycanla bu istiqamətdə danışıqlar aparıbmı? Çünki İran tərəfi də Nabuccoya qoşulmaqda maraqlı olduğunu bildirib.

Cavab: Azərbaycan Nabucco ilə bağlı tək söz sahibi deyil. Ona görə də Azərbaycan bu danışıqları maraqlı dövlətlərin mövqeyini nəzərə almaqla apara bilər. Bu da mümkündür.

Sual: Amerika-Azərbaycan münasibətlərini prezident Barak Obama administrasiyası dövründə necə görürsünüz?

Şimalda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlər çevik hərbi qüvvələr yaradılması barədə razılığa gəlib. Medianın məlumatına görə, elə bu zamanda Rusiya Ermənistana 800 milyon dollar dəyərində silah, hərbi texnika verib.

Cavab: Çevik hərbi qüvvələrin yaradılmasında Azərbaycan üçün elə bir təhlükə görmürəm. Qərar Azərbaycandan daha çox dünyadakı çətin siyasi durumun axınında nəzərdən keçirilməlidir. Yəni bu, dünyada gedən proseslərlə daha çox bağlıdır. Azərbaycanın KTMT üzv dövlətlərin hər biri ilə ayrılıqda və çoxtərəfli sistemdə çox yaxşı münasibətləri var. Belə ki, Azərbaycan Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Belorusla çox yaxşı münasibətlərə malikdir. Eyni zamanda, bu dövlətlərlə MDB çərçivəsində çox yaxşı münasibətlərdəyik.

Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah ötürməsi ilə bağlı isə, Azərbaycan öz rəsmi mövqeyini bildirib. Rusiya xarici işlər nazirliyi hələlik bununla bağlı Azərbaycana rəsmi sənəd göndərib. Orada qeyd edilir ki, Ermənistana silah verməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Doğrudan da təəccüblüdür. Azərbaycan Rusiya münasibətlərinin indiki xarakterini nəzərə alsaq, Rusiyaya belə bir addımı atması məntiqi nöqteyi-nəzərdən heç də lazım deyil və ona siyasi divident gətirmir. Ona görə də, Azərbaycan bu gün Rusiyanın rəsmi mövqeyinə inanır, ancaq məsələ bununla qapanmış da deyil. Əgər, Azərbaycanın əlində Rusiyanın dediklərinin doğru olmaması, Ermənistana həqiqətən silah, sursat verilməsi ilə bağlı tam mənada sübut olacaqsa, Azərbaycanın adekvat reaksiyası olacaq. Eyni zamanda, bu, Rusiyaya beynəlxalq aləmdə, regionda hörmət qazandıra bilməz və imicinə təsir göstərəcək. Həm həqiqəti gizlədən dövlət kimi Rusiyanın imicinə təsir edər, həm də Rusiya Minsk Qrupunun həmsədridir. O həm ATƏT, həm də beynəlxalq birlik qarşısında münaqişənin ədalətli nizamlanması ilə bağlı öhdəlik götürüb. Bu öhdəliklə Ermənistana silah ötürülməsi bir araya sığa bilməz.

Sual: Amerika Azərbaycan münasibətlərinin gələcəyini necə görürsünüz? Çünki Amerikada artıq demokratlar hakimiyyətdədir.

Cavab: Azərbaycan müstəqillik qazandıqdan sonra seçimi Avroatlantik strukturlara inteqrasiyadır. Azərbaycan Avropa strukturlardan müəyyən məsələlərdə özünə qarşı ədalətli mövqe görməsə də, bu xətti davam etdirir və bundan sonra da davam etdirəcək. Bu seçimin alternativi yoxdur.

Azərbaycan ABŞ-la bu günədək çox yaxşı əməkdaşlıq edib. İqtisadi, siyasi, demokratikləşmə, terrorizmə qarşı mübarizə sahəsində çox uğurlu əməkdaşlığımız var. Baxmayaraq ki, ABŞ Azərbaycana qarşı 907-ci düzəlişi tətbiq edib. Bu Azərbaycana qarşı tamamilə ədalətsiz addımdır və mənası yoxdur. ABŞ Azərbaycanın ərazisini işğal edən Ermənistana son 17 ildə 1 mlrd 700 milyon dollar, Azərbaycana isə cəmi 300 milyon dollara yaxın yardım edib. Minilliyin Çağırışı proqramına heç bir səbəb olmadan Azərbaycan salınmadı, Ermənistana proqram çərçivəsində bir neçə yüz milyon dollar yardım edildi. Bütün bunlara baxmayaraq, Azərbaycanın xarici siyasət kursunda Avropaya inteqrasiya əsas kimi götürülür. Barak Obama administrasiyası ilə də Azərbaycan əlaqələri normal inkişaf edəcək, möhkəmlənəcək və genişlənəcək. Arzum odur ki, dünyanın bu mürəkkəb durumunda Amerika super dövlət kimi dünya dövlətlərinə, xüsusilə ona yaxın olan dövlətlərə qarşı daha həssas, daha ədalətli olsun.

Sual: NATO-ya inteqrasiyada Azərbaycanın bundan sonrakı mövqeyi necə olacaq? Çünki Azərbaycanın sərhədləri yaxınlığında KTMT dövlətləri çevik hərbi qüvvələr yaradır.

Cavab: Azərbaycanın NATO-ya, Avropa Birliyinə inteqrasiya məsələlərində mövqeyi tam aydındır. Birincisi, Avropa Birliyinin bir qonşuluq siyasəti təşəbbüsü oldu. 3-4 il ərzində Azərbaycan bu təşəbbüsün nəticəsini heç cür görə bilmədi. İndi, yeni Şərq Tərəfdaşlığı təşəbbüsü var. Deyirlər bunun praktik nəticələri olacaq. Ümid edirik və gözləyirik, nəticə olsun. Çünki, bu gün hətta Azərbaycanın nazirləri belə Avropa ölkələrinə səfər edəndə viza problemləri ilə qarşılaşır. Azərbaycan rəsmilərinin, vətəndaşlarının Avropa ölkələrinə getməsinə bu cür maneələr yaradılırsa, hansı əməkdaşlıqdan danışmaq olar. Buna baxmayaraq Avropanın və dünyanın Azərbaycanda işləyən şirkətləri minlərlə insana nəinki konsulluqlarda, elə Baklı aeroportunda viza alaraq burada işlədirlər və Azərbaycan vətəndaşlarından dəfələrlə çox maaş verirlər.

NATO-ya üzvlüklə bağlı Azərbaycanın mövqeyi belədir. Biz, NATO ilə sıx əməkdaşlığı davam etdirəcəyik. Fərdi Əməliyyat planı uğurla yerinə yetirilir. Azərbaycan NATO-nun çoxsaylı proqramlarında fəal iştirak edir. Avropa Birliyi ilə də fəal əməkdaşlıq davam etdiriləcək.

Üzvlük məsələsinə gəlincə, Azərbaycan bir sıra dövlətlər kimi qapının arxasında qalmaq istəmir. Nə vaxt biz bu səviyyəyə çatdıq və qarşı tərəfdən müsbət təklif olarsa, o zaman reaksiya verə bilərik.

Sual: Xarici radiolarla bağlı Azərbaycanın mövcud mövqeyi necədir.? Çünki Amerika tərəfi Azərbaycandan təkliflər gözlədiyini bildirir.

Cavab: Azərbaycan tərəfi artıq öz mövqeyini bildirib. Biz radioları bağlamamışıq. Sadəcə olaraq, Azərbaycan qanunvericiliyi tətbiq edilib. Qanun qüvvədə olsa da, dostluğumuzun, əməkdaşlığımızın nəticəsi kimi radioların yayılmasına qeyri-qanuni olsa da, şərait yaradılmışdı. Azərbaycan tədricən qanunun qüvvəsini tətbiq edir və indi də bu radiolara tətbiq edilib. Əslində qanunun tətbiqini qərbin özü də tələb edir. Azərbaycanın mövqeyi budur ki, əgər həmin radiolar Azərbaycanda doğrudan da beynəlxalq standartlara uyğun yayımlanmaq istəyirsə, onda Azərbaycanın müvafiq strukturları ilə danışıqlar aparmaq lazımdır. Dünyada olan standartlara uyğun olaraq Avropada, Asiyada, Afrikada yayım necə həyata keçirilirsə, onu Azərbaycanda tətbiq etmək olar. Biz bununla bağlı danışıqlar aparmağa hazırıq. Bu səbəbdən də Azərbaycandan təklif gözləməyə ehtiyac yoxdur. Yəni danışıqları aparmaq olar. Amma yerli FM tezliyində xarici radioların yayımı praktikası dünyanın heç yerində mövcud deyil. Bunu da təbii qarşılamaq lazımdır.


XS
SM
MD
LG