Accessibility links

Bakıda Türkdilli Parlamentlərin toplantısı keçirilir 


Bakıda Türkdilli Ölkələrin Parlament Assambleya Şurasının iclası keçirilib. İclasda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri Məhmət Əli Şahin, Qazaxıstan parlamentinin sədri Oral Muxamedjanov və Qırğızıstan parlamentinin sədri Aytibay Taqayev iştirak edib.
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov deyib ki, 2008-ci il noyabrın 21-də İstanbulda Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının I konfransı keçirilib. “Bununla da dili, dini, adət-ənənələri, müştərək keçmişi olan xalqların daha da yaxınlaşması istiqamətində yeni bir addım atılıb”.
Görüşdə həmçinin qeyd edilib ki, türkdilli ölkələrin yerləşdiyi coğrafiya dünyanın siyasi və iqtisadi həyatında olduqca əhəmiyyətlidir. Assambleya türkdilli ölkələr, eləcə də onların qanunverici orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi, mühüm məsələlərdə ortaq mövqedən çıxış edilməsi baxımından çox əhəmiyyətlidir.
Sabah isə Azərbaycan Milli Məclisində Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk iclası keçiriləcək. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri çıxış edəcək. Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci ümumi iclasında qurumun daimi katibliyinin yaradılması və Bakı bəyannaməsinin imzalanması gözlənilir.
Milli Məclisin deputatı Zahid Oruc Türkdilli Ölkələrin Parlament Assambleyasını gələcəyə hesablanmış addım hesab edir. Ona görə ki, türkdilli dövlətlərin hüquqi, iqtisadi, ticari və siyasi baxımdan yaxınlaşmasına ciddi ehtiyac duyulur. Deputatın fikrincə, Türkiyənin qanunvericilik təcrübəsi türkdilli dövlətlərin Avropa məkanına inteqrasiyasına kömək edə bilər.
Müstəqil politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə Türkiyə və Azərbaycanın qanunvericilik təcrübəsinin uyğunlaşdırılmasının çox çətin olacağını güman edir.
Eyni zamanda, türkdilli dövlətlərin siyasi, iqtisadi və hüquqi yaxınlaşması Rusiya və İranın maraqlarına uyğun deyil. Milli Məclisin deputatı Zahid Oruc hesab edir ki, ilkin addımlar həmişə problemli olur. Ancaq türkdilli xalqları siyasi maraqlardan daha çox milli-etnik yaxınlıq, tarixi keçmiş, sosial ənənələr birləşdirir. Yüz illərlə imperiya siyasətləri bu yaxınlığı “uzaq” edə bilməyib. Deputat hesab edir ki, tezliklə Özbəkistan və Türkmənistan da birliyə qoşulacaq.
Politoloq Elxan Şahinoğlu Özbəkistan və Türkmənistanın assambleyada təmsil olunmamasını əsasən Rusiya faktoru ilə izah edir. Onun fikrincə, türkdilli dövlətlərin birliyi qərbin iqtisadi və siyasi maraqlarının regionda təmin olunmasına yol açır. Bu isə Rusiyanın maraqları ilə ziddiyyət təşkil edir.
Öz növbəsində, deputat Zahid Oruc türkdilli dövlətlərin gələcəkdə regional və qlobal iqtisadi layihələrdə birgə iştirakına inanır. Onun gümanına görə, parlamentlərarası yaxınlaşma beynəlxalq təşkilatlarda da yaxınlaşmaya səbəb olacaq.



XS
SM
MD
LG