Accessibility links

Azərbaycanda əhalinin cəmi beş faizinin kompüteri var


Multimedia Mərkəzi “İctimai informasiya mərkəzləri infrastrukturunun yaradılması: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirib. Tədbirdə ekspertlər, rəsmi və ictimai qurumların təmsilçiləri, redaktorlar iştirak edib.

Mərkəzin rəhbəri Osman Gündüz bildirib ki, Azərbaycanda Fövqəladə Hallar, Müdafiə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən başqa bütün nazirliklərin və dövlət komitələrinin internet saytı var. Ancaq mövcud saytlarda xidmətlər və informasiya resursları kifayət qədər deyil.

Ekspert Ələsgər Məmmədlinin dediyinə görə, “İnformasiya əldə etmək haqqında” qanunun tələbləri və prezidentin bununla bağlı fərmanı tam yerinə yetirilməyib. Belə ki, prezidentin 2005-ci ildə imzaladığı fərmana görə, altı ay ərzində informasiya ombudsmanı, bütün rayonlarda ictimai informasiya mərkəzləri. üç il müddətində bütün bələdiyyələrin və icra hakimiyyəti orqanlarının internet saytları qurulmalı idi. Ancaq hələ də bunlar baş verməyib. Ekspertin fikrincə, dövlət orqanlarının məlumatları həm də əl çatımlı olmalıdır.

Cənab Məmmədli rəsmi statistikaya istinadən ölkədə cəmi 400 min kompüter olduğunu və kompüterlərin əhalinin cəmi 5%-ni əhatə etdiyini deyib. Onun sözlərinə görə, Azərbaycanda sürətli internet xidməti Rusiyadan 20-25, Türkiyədən isə 40-45 dəfə bahadır.

Ekspert hesab edir ki, Azərbaycan hələ elektron hökumət layihəsinə keçməyə də hazır deyil. Çünki bu layihəyə keçmək üçün əhalinin 50 faizindən çoxunun internetə çıxışı olmalıdır.

İqtisadçı Azər Mehdiyev iqtidarın əhalinin informasiya ilə təmin olunmasında maraqlı olmadığını bildirib. Onun fikrincə, hakimiyyət vətəndaşların ictimai informasiyaya marağının azalmasını istəyir.

Turan Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, internetlə bağlı problemlər konkret siyasətin nəticəsidir.

İndiyədək iqtidarda olan hər hansı hökumət informasiyaya çıxışın yüksəlməsində maraqlı olmayıb. O hökumətlərin aşkarlıq şəraitində işləmək istəməməsinin səbəblərini də izah edib. İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli problemin ciddi olduğunu deyir. Onun fikrincə, qanunun normaları təcili yerinə yetirilməlidir, informasiya ombudsmanı yaradılmalı və mediada bununla bağlı maarifləndirmə işləri gücləndirilməlidir.

Öz növbəsində, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları institutunun direktoru Rasim Əliquliyev dövlət tərəfindən internetə çıxışın asanlaşdırılması sahəsində çoxsaylı sənədlərin qəbul edildiyini bildirib. Onun fikrincə, öncəki illərlə müqayisədə çox işlər görülüb və bu siyasət ardıcıl olaraq davam etdirilir.


XS
SM
MD
LG