Accessibility links

Azərbaycanda əqli mülkiyyət üzrə beynəlxalq simpozium keçirilir


Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə "İqtisadi, sosial və mədəni inkişaf naminə əqli mülkiyyət sisteminin müasir üsullar əsasında idarə edilməsi" mövzusunda beynəlxalq simpozium keçirilir. Simpoziumda dünyanın 19 ölkəsindən nümayəndə heyəti iştirak edir.
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin direktoru Ramiz Həsənov bildirib ki, ölkə müstəqilliyini qazandıqdan sonra 1993-cü ildə Elm və Texnika komitəsində patent-lisenziya idarəsi yaradılıb. Onun sözlərinə görə, Azərbaycan 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvüdür. "Patent haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" qanunlar qəbul edilib. Bu sahədəki qanunlar Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılıb. Sənaye mülkiyyəti sahəsində həmçinin bir sıra ölkələrlə ikitərəfli sazişlər imzalanıb".
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndəsi Mixail Svatner deyib ki, "əqli mülkiyyət davamlı inkişafın ayrılmaz hissəsidir". Onun fikrincə, əqli mülkiyyət məsələlərinin milli qanunvericiliklərə inteqrasiyası milli inkişaflarla yanaşı, qlobal inkişafa da böyük töhfələr verir. "Keçid ölkələrində əqli mülkiyyətlə bağlı beynəlxalq standartlara cavab verən qanunvericilik bazasının yaradılmasına ciddi ehtiyac duyulur. Qlobal mənada da əqli mülkiyyət ehtiyacları sürətlə artır. Əqli mülkiyyət artıq dünyada ümumi inkişafın əsas hərəkət vericisidir".
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Patent Departamentinin rəhbəri Miryaqub Seyidov bidirib ki, ölkədə əqli mülkiyyət, ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər iyirmiyədək qanun və normativ sənədlə nizamlanır. "Azərbaycan əqli mülkiyyət təşkilatı çərçivəsində on çoxtərəfli sazişə, MDB çərçivəsində dörd çoxtərəfli müqaviləyə qoşulub, səkkiz ikitərəfi saziş imzalayıb. Hazırda isə Azərbaycan Monqolustan və Latviya ilə sənaye mülkiyyətinin mühafizəsi sahəsində Saziş hazırlayır. Bu ilin sonunadək isə "Olimpiya simvolunun mühafizəsi haqqında" 26 sentyabr 1981-ci il Nayrobi müqaviləsi və sənaye nümunələrinin beynəlxalq depozitləşdirilməsi haqqında Haaqa Sazişini qəbul etməyə hazırlaşır".
Onun sözlərinə görə, 2007-ci ildə ixtiralara patent verilməsi üçün 554 iddia sənədi daxil olub. Sənədlərin 533-nün iddiaçısı milli, 21-nin isə iddiaçısı xarici ölkə vətəndaşları olub. "Onlardan 537-nə patent verilib. 2006-cı il ilə müqayisədə milli iddia sənədlərinin sayı 16,6 faiz artıb. 2006-2007-ci illərdə isə ixtiralara dair 380 patent Dövlət Reyestrində qeydiyyata alınıb".
M.Seyidov 2007-ci ildə həmçinin faydalı modellər üzrə 8 milli və 3 xarici iddiaçıya patent verildiyini deyib. "Bu dövrdə sənaye nümunələrinə dair 6 milli, 10 xarici iddiaçıya patent verilib".
Departament rəhbəri hazırda Azərbaycanda 40 min xarici əmtəə nişanının tanındığını bildirib. "Dövlət Agentliyinə 2007-ci ildə 1626 xarici iddiaçı əmtəə nişanlarının tanınması üçün müraciət edib. Bu ildə həmçinin milli iddiaçılar da 822 sənəd verib, bu isə 2006-cı ildəkindən 9,6 faiz çoxdur. Ötən il əmtəə nişanlarının qeydiyyatına dair ən çox iddia sənədləri ABŞ (201 sənəd), Türkiyə (91 sənəd), Böyük Britaniya (64 sənəd), Rusiya (48 sənəd) tərəfindən verilib", - deyə o qeyd edib.

XS
SM
MD
LG