Accessibility links

Pekin olimpiadasında Azərbaycanın 44 idmançısı iştirak edəcək


Sabah Azərbaycanın olimpiya yığma komandası Pekinə yola düşəcək. Olimpiya oyunlarında Azərbaycanın şərəfini 12 idman növü üzrə 44 idmançı qoruyacaq. Bu barədə idman və gənclər naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Pekində Azərbaycan idmançılarının yaşadığı yerlərdə təhlükəsizlik məsələləri tam təmin edilib. Çin hökuməti idmançıların və turistlərin təhlükəsizliyinə çox ciddi yanaşır.

Cənab Rəhimovun sözlərinə görə, Azərbaycan dövlət büdcəsindən yay olimpiya oyunlarında iştirakın təmin edilməsi üçün 3 milyon 150 min manat ayrılıb və bu vəsaitin hazırda 2 milyon 300 manatı xərclənib.

Nazir bu il atçılıq idmanı üzrə də Azərbaycanın olimpiya oyunlarında təmsil olunacağını deyib. Bu idman növü üzrə yarışlarda iştirak üçün indiyədək hər ay Heydər Əliyev fondu 10 min yevro, nazirlik isə ümumilikdə 100 min yevro xərcləyib. Dövlət Neft Şirkəti Fransanın ən yaxşı atını 1 milyon 970 min yevroya alıb.

Cənab Rəhimov Azərbaycan prezidentinin Olimpiya oyunlarının açılış mərasimində və avqustun 10-da olimpiya çərçivəsində keçiriləcək Azərbaycan günlərində iştirak edəcəyini deyib. Onun dediyinə görə, Azərbaycan və Ermənistan prezidentləri Pekində eyni oteldə qalacaq.

Nazir həmçinin Azərbaycanın tibetlilərin Çindən ayrılmaq uğrunda apardığı mübarizəni dəstəkləmədiyini bildirib. Onun fikrincə, bütün problemləri, o cümlədən də Dağlıq Qarabağ problemini həll etmək mümkündür.

XS
SM
MD
LG