Accessibility links

Prezident İlham Əliyev: «Ermənistan təzyiqləri hiss etməsə regiona sülh gəlməyəcək»


Bu gün Milli Məclis binasının əsaslı təmirindən sonra parlamentin payız sessiyası açılıb. Açılış mərasimində prezident İlham Əliyev iştirak edib. MM sədri Oqtay Əsədov bildirib ki, parlamentin binası qısa müddətdə əsaslı şəkildə yenidən qurulub. "MM binasının yenidən qurulması deputatların qanunvericilik fəaliyyətinin yüksəlməsinə xidmət edir". Prezident İlham Əliyev hesab edir ki, yeni parlament seçkilərindən sonra Milli Məclis ölkənin inkişafında mühüm rol oynayır. Cənab Əliyev Azərbaycanın inikşafı üçün unikal imkanlar və bütün istiqamətlər üzrə proqramların olduğunu diqqətə çatdırıb. «Azad cəmiyyət, hüquqi dövlət, azad iqtisadiyyat, güclü ordu, çevik xarici siyasət qurmaq inkişafımızın əsas istiqamətləridir. 2007-2008-ci illərdə ölkədə bütün infrastruktur layihələri başa çatdırılacaq». Dövlət başçısı demokratikləşmə və dövlət quruculuğu sahəsində işlərin sürətləndirilməsinin vacibliyini önə çəkib. "Siyasi islahatlar ön planda olmalıdır. Güclü maliyyə axını iqtisadiyyata güclü nəzarət məsələsini aktuallaşdırır. Maliyyə vəsaitlərinə dövlətin, parlamentin və ictimaiyyətin güclü nəzarətini yaratmalıyıq. Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması və demokratikləşmə bir şüar deyil". Prezident Ermənistan-Azərbaycan münaqişəsini ölkənin qarşısında duran bir nömrəli problem adlandırıb. "Problemin həlli təkcə Azərbaycandan asılı deyil. Biz münaqişənin həlli üçün səylərimizi əsirgəmirik. Münaqişənin həllində mövqeyimiz dəyişməzdir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, işğal olunmuş ərazilər azad edilməli, soydaşlarımız öz yurdlarına qayıtmalıdır. Bundan kənarda heç bir razılamşma mövcud deyil. BMT-nin qətnamələri yerinə yetirilməlidir. Dağlıq Qarabağa yüksək muxtariyyət hüququ verilə bilər". O Azərbaycanın mövqeyinin inkişaf etdiyini və siyasi baxımdan əlverişli olduğunu bildirib. Dövlət başçısı hesab edir ki, Ermənistan təzyiqləri hiss etməsə regiona sülh gəlməyəcək. Cənab Əliyev həmçinin Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini deyib. Prezident Azərbaycanın münaqişənin ədalətli həllinə nail olacağına da əmindir. "Azərbaycan ATƏT-in Minsk Qrupu formatından imtina etmək fikrində deyil. Eyni zamanda, başqa təşkilatlardan da istifadə etməliyik. Ermənistan BMT-də müzakirələri pozmağa çalışır. Amma Azərbaycan özünü çox konstruktiv aparır"-deyə o qeyd edib.
XS
SM
MD
LG