Accessibility links

Azərbaycan prezidenti Beynəlxalq Qadınlar günü münasibətilə təbrik imzalayıb


Azərbaycan prezidenti İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə qadınları təbrik edib. Təbrikdə deyilir: «Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı ölkəmizdə hər zaman uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Tariximizin və mədəniyyətimizin neçə-neçə parlaq səhifəsi onun adı ilə bağlıdır. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür». Dövlət başçısı bildirir ki, ötən XX əsrdə qadın hüquqlarının qazanılması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. «O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq mövqeyi bu bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirib. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq edir».
XS
SM
MD
LG