Accessibility links

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib


Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir ki, Azərbaycan xalqı tarixi boyu həmişə Uca Tanrıya tapınmış, milli köklərinə, dini-mənəvi ənənələrinə daim sadiq olub. «Müstəqillik illərində mütərəqqi islami dəyərlərə qayıdış cəmiyyətimizin əxlaqi-mənəvi yüksəlişinə, xalqımızın bütövlüyü və birliyinə xidmət göstərib. Azərbaycan övladlarının yüksək vətənpərvərliyi, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi uğrunda sarsılmaz mübarizə əzmi də məhz belə milli-mənəvi dəyərlərə sadiqliyin nümunəsidir. Öz canlarını ölkəmizin müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda qurban vermiş Azərbaycanın qəhrəman övladlarının əziz xatirəsini bu mübarək bayram günlərində bir daha böyük ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirəm». Dövlət başçısının fikrincə, Azərbaycan xalqı Ramazan günlərini böyük məmnunluq və fərəh hissləri ilə başa vurur. «İnanıram ki, müqəddəs dinimiz yolunda nəcib əməlləriniz, Azərbaycanın əmin-amanlığı və tərəqqisi naminə etdiyiniz dualar sayəsində Ulu Tanrı öz mərhəmətini və şəfqətini xalqımızdan əsirgəməyəcəkdir. Bu əziz bayram günündə sizin hamınızı və ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızı bir daha təbrik edir, hər birinizə firavanlıq, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Allah orucunuzu qəbul etsin!»-deyə prezidentin təbrikində qeyd edilir.
XS
SM
MD
LG