Accessibility links

Azərbaycanda prezident seçkilərini ATƏT-in 450 qısamüddətli, 30 uzunmüddətli müşahidəçisi izləyəcək


Azərbaycanda prezident seçkilərini ATƏT-in 450 qısamüddətli 30 uzun müddətli müşahidəçisi izləyəcək. Müşahidə missiyasına Sloveniya nümayəndəsi Boris Frliç rəhbərlik edəcək və uzunmüddətli müşahidəçilər sentyabrın 7-dən fəaliyyətə başlayacaq. Bu barədə Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, nazirlik bundan əlavə Avropa İttifaqına, Müstəqil Dövlətlər Birliyinə və GUAM-a da müşahidəçi üçün dəvətnamə göndərib.

Hazırda prezidentliyə namizədliyə 16 nəfər iddiaçı var. Mərkəzi Seçki Komissiyası onlardan 14 nəfərinin sənədlərini təsdiq edib. Daha iki nəfərin sənədlərinə yaxın günlərdə baxılacaq. MSK həmçinin 40 mindən çox seçici imzası toplamış hazırkı prezident İlham Əliyevin namizədliyini qeydə alıb. Bu barədə isə "Amerikanın səsi" radiosuna MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.

Cənab Sarıyev bu ilki seçkiləri ümumilikdə 70 minədək yerli, mindən çox xarici müşahidəçinin müşahidə edəcəyinin təxmin edir.

XS
SM
MD
LG