Accessibility links

BMT-nin Baş katibi Beynəlxalq Qadınlar günü münasibətilə müraciət qəbul edib 


BMT Baş katibi Beynəlxalq Qadınlar günü münasibətilə müraciət qəbul edib. Müraciətdə deyilir: «Beynəlxalq Qadınlar Günündə Birləşmiş Millətlər Təşkilatının Baş Katibi kimi ilk dəfə olaraq sizlərə ən xoş arzularımı çatdırmağıma şadam və bunu özüm üçün şərəf hesab edirəm. Ümid edirəm ki, hamınız üzümüzə gələn illərdə məni öz təmsilçiniz və müttəfiqiniz kimi tanıyacaqsınız. Bu gün hamımız – qadınlar və kişilər üçün bütün bəşəriyyəti əhatə edən bir məqsəd uğrunda birləşmək fürsətidir. Qadınlara daha çox səlahiyyətlərin verilməsi özü-özlüyündə bir məqsəd deyil. Bu, planetdə hər kəs üçün daha yaxşı həyatın qurulması yolunda bir şərtdir». Baş katibin fikrincə, heç kəs dünya liderlərinin gender bərabərliyi və hamı üçün insan haqlarının inkişaf, sülh və təhlükəsizliyin bərqərar olmasında mühüm şərtlər olmasını yenidən təsdiq etdikləri 2005-ci il Dünya Sammitinin yekunlarını inkar edə bilməz. «Lakin biz hələ də bu anlayışı bütün dünyada reallığa çevirməkdən çox uzağıq. Demək olar ki bütün ölkələrdə qadınlar məsul vəzifələrdə hələ də daha az təmsil olunurlar. Qadınların əməyi hələ də daha az qiymətləndirilir, haqqı daha az ödənir və ya heç ödənmir. Məktəbdən kənar qalmış 100 milyondan çox uşağın əksəriyyəti qızlardır. Kitab oxumağı bacarmayan 800 milyondan çox yaşlının əksəriyyəti qadınlardır». O hesab edir ki, qadın və qızlara qarşı zorakılıq bütün qitə, ölkə və mədəniyyətlərdə ləğv olunmamış problem olaraq qalır. «Bu, qadınların həyatı, onların ailələri və bütün cəmiyyətə dağıdıcı zərbə vurur. Bir çox cəmiyyətdə bu cür zorakılıq qadağan edilib, lakin çox vaxt həqiqətdə bu fakt ya gizlədilir, ya da ona barmaqarası baxılır. Elə buna görə də Beynəlxalq Qadınlar günü bu qədər əhəmiyyət daşıyır. O, bizə dəyər və münasibətlərdə dəyişiklikləri möhkəmlətmək işində məsuliyyətimizi xatırladır. O, bizi – hökumətləri, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyəti və özəl sektoru əməkdaşlıq etməyə çağırır. O, bizi cəmiyyətin bütün səviyyələrində qadın və kişilər arasında münasibətlərdə dəyişiklik etmək üçün işləməyə inandırır. O, bizi təhsildən tutmuş mikro-kreditlərə qədər hər yolla qadın və qızlara daha çox hüquq və səlahiyyət verilməsini gücləndirməyə vadar edir».
XS
SM
MD
LG