Accessibility links

Qars-Axalkalaki-Tiflis-Bakı dəmir yolunun tikintisinə dair saziş imzalanıb


Bu gün Tiflisdə Kars-Axalkalaki-Tiflis-Bakı dəmiryolunun tikintisinə dair çərçivə sazişi imzalanıb. İmzalanma mərasimində Gürcüstan və Azərbayan prezidentləri, habelə Türkiyənin baş naziri iştirak edib. Turan Agentliyinin məlumatına görə, layihə çərçivəsində 105 km yeni dəmiryolu (76 km Türkiyə və 29 km Gürcüstan ərazisindən keçməklə) qurulacaq. Bundan əlavə, Gürücüstanda Axalkalaki-Marabda -Tiflis dəmiryolunun 183 km-lik hissəsinin rekonstruksiya edilməsi, qatarların Gürcüstandakı mövcud dəmiryollarından sonra Avropa dəmiryollarında hərəkət edə bilməsi üçün Axalkalakidə keçid məntəqəsinin tikilməsi nəzərdə tutulur. Gürcüstan ərazisində tikinti işlərinin 2007-ci ilin ikinci rübündə başlanması, layihənin yaxın üç il ərzində başa çatdırılması nəzərdə tutulur. Layihə 422 milyon dollar həcmində dəyərləndirilir və uyğun infrastrukturla birlikdə isə 600 milyon dollar təşkil edir. Azərbaycan Gürcüstana illik 1%-lə 25 il müddətinə 200 milyon dollar güzəştli kredit ayırır. Kredit dəmiryolunun istismarı nəticəsində əldə edilməsi nəzərdə tutulan vəsaitlərin hesabına ödəniləcək. Türkiyə tərəfi öz üzərinə dəmiryolunun layihələşdirilməsi üzrə işlərin maliyyələşdirilməsi öhdəliyini götürür. Layihənin reallaşdırılması yüklərin Türkiyəyə və Avropanın şimalı ilə Aralıq dənizi regionuna, Rusiya və Qazaxıstandan Azərbaycan vasitəsilə Gürcüstana daşınmasına imkan verəcək. Analitiklərin fikrincə, gələcəkdə bu marşrut üzrə 5-8 milyon ton yük daşınması mümkün olacaq.
XS
SM
MD
LG