Accessibility links

“Haray”ın qonağı “Müsavat” partiyasının başqanı İsa Qəmbərdir 


“Haray” proqramının qonağı “Müsavat” partiyasının başqanı İsa Qəmbərdir. Cənab Qəmbər Azərbaycan xalq hərəkatının aparıcı şəxslərindəndir. 1992-ci ildə Azərbaycan prezidentinin vəzifəsini icra edib, 1992 - 1993-cü illərdə Milli Məclisin sədri olub. 1992-ci ildən “Müsavat” partiyasının başqanıdır.
Sual: “Haray” proqramı ilə bağlı ilk təəssüratlarınız necədir?
Cavab: Proqramın adı da xoşuma gəlib. İnanıram ki, kifayət qədər diqqəti cəlb edən verilişlər təşkil ediləcək. Təbii ki, daha çox rəyin səsləndirilməsi dinləyicilərin daha çox marağına səbəb olur. Eyni zamanda, rəy liderlərini müəyyənləşdirməyin də yolunu tapmaq lazımdır. Proqramın adından da göründüyü kimi bu, hamıya müraciət deyil. Bu, milli, ictimai və dövlət məsələlərini bilən insanlara ünvanlanmış bir müraciətdir. Deməli, verilişlərə də kifayət qədər yetkin milləti, cəmiyyəti və gələcəyi düşünən insanlar qulaq asır. Onlara hörmətlə yanaşmaq lazımdır. Onların eşitmək istədikləri ziyalıları, mütəfəkkirləri, insanları bu verilişə daha çox dəvət etmək lazımdır.
Sual: Bir qayda olaraq “Müsavat” partiyasının liderlərinin İranda yaşayan azərbaycanlılarla bağlı yüksək fikirləri olub. “Müsavat” partiyasının ilk lideri Məmməd Əmin Rəsulzadə həm də ötən əsrin əvvəllərində İran Demokrat partiyasının yaradıcılarından olub və “İran-nou” qəzetini təsis edib. Bu gün, “Müsavat” partiyası İranda yaşayan soydaşlarla bağlı hansı işləri görür?
Cavab: Ötən əsrin əvvəllərində İranla Rusiya imperiyası arasındakı sərhədlər şərti xarakter daşıyırdı və insanların digər ölkədə fəaliyyət göstərməsi asan idi. Azərbaycan xalqının parçalanması da, görünür hələ qəbul edilmiş bir gerçəklik deyildi. Şimali Azərbaycanda yaşayanlar Təbrizə gedəndə, Cənubi Azərbaycanda yaşayanlar isə Bakıya gələndə xarici sayılmır. Təsadüfi deyil ki, Azərbaycan xalqının böyük filosoflarından olan Mirzə Fətəli Axundov da Təbriz yaxınlığındakı Xamnə şəhərindədir. Bu baxımdan Məmməd Əmin Rəsulzadənin bir neçə il Təbrizdə yaşaması onun həyatının ən maraqlı məqamlarından biridir. Təbrizdə Məmməd Əmin Rəsulzadəyə çox hörmətlə yanaşıblar. Amma, o özü də, İranda gedən proseslərdən çox etgiləndiyini, təsirləndiyini, oranın təcrübəsini nəzərə aldığını əsərlərində yazıb. M. Ə. Rəsulzadənin o vaxt “İran-nou” qəzetində çap etdirdiyi məqalələrlə tanış olanda sözün əsl mənasında təəccüblənirəm. İranı, İran cəmiyyətini, problemlərini o qədər dəqiqliklə, təfsilatı ilə təsvir edir ki, çox az insan o problemləri belə dəqiqliklə bildiyini deyə bilər.
Amma, indi fərqli bir dövrdür. Əlaqələr kifayət qədər çətindir. Sərhədlər çox ciddi dövlət nəzarətindədir. Ona görə də, əvvəlki vaxtlardakı kimi qarşılıqlı şəkildə orada və burada çalışmaq sadə bir məsələ deyil. İrandakı problemlərdən xəbərdarıq. Orada gedən proseslərə öz mövqeyimizi açıq şəkildə, cəsarətlə bildirməyə hər zaman hazırıq, bildiririk və bildirməkdə də davam edəcəyik. İran bizim qonşumuzdur və bu ölkədəki proseslərə laqeyd ola bilmərik. Eyni zamanda, İranda on milyonlarla soydaşımız yaşayır. Onların həyatına, gələcəyinə biz də, məsuliyyət daşıyırıq, çünki bu bizim də həyatımızdır, bizim də gələcəyimizdir. Ona görə də, prosesləri çox diqqətlə izləyirik, mənəvi dəstək ortaya qoymuşuq və bundan sonra da davam edəcəyik.
Sual: İranda seçki sonuclarına “Müsavat” partiyasının mövqeyi necədir? Yəni, İrandakı siyasi proseslərin nəticələrini “Müsavat” partiyası necə görür?
Cavab: Bu hadisələr kifayət qədər səviyyəli şəkildə təhlil olunur, o cümlədən güneyli soydaşlarımız tərəfindən çox səviyyəli təhlil edilib. İrandakı son seçkilər çox ciddi nəticələrə gətirib çıxarıb. Bu nəticələrdən üçünü qeyd etməyə hər zaman ehtiyac duyulur. Birincisi, seçkilər və seçki sonrası proseslər İranda hakim rejimin daxilində çox ciddi bir çat yaranmasından xəbər verir. Son proseslər də göstərir ki, bu çat aradan qalxan deyil və getdikcə dərinləşir. Çatın dərinləşməsini İran hakimiyyəti önləmək istəyirsə hansısa qeyri-adi addımlar atmalıdır. Ya rejim dəyişməlidir, ya da çatın bir tərəfindəki qüvvə o biri tərəfi tamamilə sıradan çıxarmalıdır. Bunsuz problemin həlli yoxdur.
İkincisi, rejimin daxilində çat olsa da, seçki və seçkidən sonrakı mübarizə həmin qüvvələr arasında getmirdi. Əslində, bu seçkidə İran rejimi ilə İran xalı arasında böyük bir çat yarandı. Xalq bir daha əmin oldu ki, rejim onun rəyi ilə hesablaşmır. Əvvəlcə bir neçə yüz namizədin arasından bir neçəsini seçib, seçkilərdə iştirak üçün onlara şərait yaradılır. Əslində, bu xalqa həqarət və təhqirdir. Çünki rejim xalqın seçim hüququnu əlindən alıb, kimləri seçməsini özü müəyyənləşdirir. Sonra isə, rejim özünün müəyyənləşdirdiyi dörd nəfər arasından xalqın seçim etməsinə imkan vermədir, problemlər yaratdı. Ona görə də, xalqla rejim arasında çox ciddi bir çat yarandı və proseslər göstərir ki, bu çat asanlıqla aradan qalxmayacaq. Rejimin xalqın istədiyini nəzərə almaqdan başqa yolu yoxdur və inanıram ki, bu hansısa formada gerçəkləşəcək.
Üçüncüsü isə, güneyli qardaş və bacılarımızın seçkilərdə tutduğu mövqedir. Çox maraqlıdır, seçki prosesində bizim güneyli qardaş-bacılarımız müəyyən fəallıq göstərdi. Seçki sonrası proseslərdə isə demək olar ki, iştirak etmədilər. Amma, elə güclü şəkildə iştirak etmədilər ki, onların iştirak etmədiyi bütün İranda göründü. Hamı bildi kİ, Azərbaycan türkləri məsələlərə qarışmadı. Bəyan etdilər ki, hər dəfə biz mübarizənin önündə gedirik və zərbələr də bizə dəyir. Bizə zərbə dəyəndə isə, İranda özünü demokrat hesab edənlər göz yumur, azərbaycanlıların hüquqlarını müdafiə etmir. Təbii ki, qərar onlarındır. Onlar hansı taktikadan istifadənin lazımlılığını daha yaxşı bilir.
İndi, beynəlxalq biliklə İran rejimi arasında çox ciddi problem yaranıb. İranın kütləvi qırğın silahı yaratmaq cəhdinin qarşısının alınmasında qısa zamanın zəruri olduğundan, sadaladığım üç amilin də qısa zamanda özünü göstərəcəyinə əminəm.
Sual: İranda rejimlər dəyişir, ancaq Azərbaycan xalqına qarşı münasibət dəyişmir. Belə ki, Əhmədinejat seçki öncəsi Təbrizdə xalq qarşısında Azərbaycan dilində çıxış etməyə üstünlük verirdisə, seçkilərdən dərhal sonra onun hökuməti Təbrizdə Azərbaycan dilinin deyil, Fars dilinin inkişafı ilə bağlı konfrans keçirdi. Mövcud vəziyyətdə İranda yaşayan azərbaycanlılar hökumətə təsir etmək üçün nə etməlidir?
Cavab: Əhmədinejatın bu hərəkəti İran əhalisinin önəmli hissəsini təşkil edən azərbaycanlılara qarşı münasibətini bir daha ortaya qoyur. Yumşaq desək, bu, onun seçkiqabağı çıxışının səmimiliyinə çox ciddi şübhə yaradır. O, öz hərəkətləri ilə özünə qarşı münasibəti formalaşdırır. Ancaq, tarixin təkərini döndərmək mümkün deyil. Mirzə Şəfi Vazehin tarixi sözü var: “Arabanın təkəri cırıltı salır, tarixin təkəri səssiz işləyir”. Tarixin təkərinin səssiz işləməsi isə heç kimi aldatmamalı və heç kimi rahatsız etməməlidir. Bu baxımdan, Azərbaycan xalqı öz hüquqları uğrunda mübarizə aparır, İranda öz mövqeyini, öz yerini daha yaxşı dərk edir və öz haqqını daha çox tələb edir. Hesab edirəm ki, İran rejimi hansısa bir formada özlərinin, İran dövlətinin davam etməsini istəyirsə, Azərbaycan türklərinin mövqeyini, maraqlarını, milli və insan hüquqlarını qəbul edilməlidir. Bunun üçün də, İranda yaşayan soydaşlarımız daha mütəşəkkil, daha dərk olunmuş qaydada, daha da əzmlə mübarizəsini davam etdirməlidir. Çox həddən artıq tələsik hərəkət etməyə, ağır vəziyyətdə olan rejimin işgəncə dəyirmanına düşməyə də ehtiyac yoxdur. Ancaq, ləng hərəkət etmək, gözləmə mövqeyində durmağa da keçmək olmaz. Tempi, sürəti bir qədər artırmaqla, əzmlə mübarizəni davam etdirmək lazımdır. Əminəm ki, bu mübarizə İranın demokratikləşməsi, liberallaşması, Azərbaycan türklərinin, ö cümlədən digər xalqların milli hüquqlarının bərpası ilə başa çatacaq.


XS
SM
MD
LG