Accessibility links

Azərbaycan iqtidarı qiymət artımından əhalinin əziyyət çəkməyəcəyini bildirir


İqtidarda olan «Yeni Azərbaycan» partiyası «İqtisadi islahatlar və əhalinin sosial vəziyyəti» mövzusunda konfrans keçirib. Tədbirdə nazirlər, nazir müavinləri və ekspertlər iştirak edib. YAP sədrinin müavini Əli Əhmədov bildirib ki, Azərbaycan sürətli inkişafla yanaşı dərin islahatlar dövrünü yaşayır. Onun sözlərinə görə, əhalinin sosial problemləri hökumətin diqqətində olan əsas məsələdir. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov son qiymət artımının əhalinin sosial vəziyyətinə mənfi təsir etməyəcəyini vurğulayıb. Onun fikrincə, qiymət artımından əhalinin ziyan çəkməməsi üçün dövlət başçısı sosial müdafiə ilə bağıl sənədlər imzalayıb. Nazir bildirib ki, qiymət artımı hər bir aztəminatlı ailəyə 4 manat 60 qəpiyə başa gəlirsə, ünvanlı yardımla azətminatlı ailələrə əlavə olaraq 5 manat ödəniləcək. Onun sözlərinə görə, ölkə əhalisinin 57,8 faizi qiymət artımı müqabilində kompensasiya alacaq. Cənab Ələkbərovun hesablamalarına görə, son üç ildə Azərbaycanda 520 min yeni iş yeri açılıb. O hər il ökənin əmək bazarına 150 min yeni işçi qüvvəsinin daxil olduğunu vurğulayıb. Nazir hesab edir ki, yaxın illərdə Azərbaycanda əmək miqrantalırının sayı artacaq. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib ki, prezident bu günlərdə pensiyaçıların sosial müdafiəsinin yaxşılaşdırılması üçün iki sərəncam imzalayıb. Azərbaycan sosial pensiyaların minimum həddinə görə MDB-də Ukrayna və Qazaxıstandan sonra üçüncü yerdədir. Cənab Müslümov minimum sosial pensiyaların artımının 1 milyon 189 min nəfəri əhatə edəcəyini deyib. Onların 1 milyon 181 nəfəri 50 manat, dövlət qulluqçüusu olmuş 8 min nəfəri isə 60 manat alacaq. Güzəştli kateqoriyalı əhalinin pensiyaları isə daha artıq olacaq. Konfransda təhsil, səhiyyə nazirlərinin müavinləri və müstəqil ekspertlər də çıxış edib.
XS
SM
MD
LG