Accessibility links

BMT-nin Baş katibi birinci qlobal yol təhlükəsizliyi həftəsi münasibətilə müraciət qəbul edib


BMT-nin birinci qlobal yol təhlükəsizliyi həftəsi aprelin 23-29-da keçiriləcək. Baş katbini müragiətində deyilir ki, Birləşmiş Millətlər Təşkilatının Birinci Qlobal Yol Təhlükəsizliyi Həftəsi yol hərəkətində iştirak edən gənclərə həsr olunmub və bu, hər gün bütün dünya yollarında səyahət edən yüz milyonlarla gənc insanın təhlükəsizlik səviyyəsini artırmaq üçün bir platformadır. «2004-cü ilin Ümumdünya Sağlamlıq Günü və bunun ardınca BMT Baş Assambleyasında aparılan müzakirələrdən sonra Hökumətlər və onların tərəfdaşları yol təhlükəsizliyi məsələsinə daha çox diqqət yetirməyə başlayıb. Lakin irəliləyişə nail olmaq istiqamətində hələ çox işlər görülməlidir. Yol nəqliyyat hadisələri hər il bütün dünyada 1,2 milyon insanın həyatına son qoyur və daha neçə milyon insanın xəsarət almasına səbəb olur. Bu qəzalar 10-24 yaşlı insanlar arasında ölüm hallarının başlıca səbəbi olmaqla ailələr və cəmiyyətlərə sarsıdıcı zərbə vurur». Baş katib hesab edir ki, yol nəqliyyat hadisələrində baş verən ölüm və xəsarət halları həm də ölkənin səhiyyə sistemi və ümumilikdə dövlət iqtisadiyyatına olduqca mənfi təsir göstərir. «Əhalinin əksəriyyətini gənclərin təşkil etdiyi regionlarda bu problem daha kəskin şəkildə hiss olunur. Yol nəqliyyat travmaları aşağı və orta gəlirli ölkələr üçün orta hesabla Ümumi Milli Məhsulun 1 faizindən də baha başa gəlir. Bütün bu səbəblərə görə yol nəqliyyat travmaları inkişaf yolunda duran mühüm bir maneədir». Sənəddə deyilir ki, yol nəqliyyat travmalarının qarşısını almağın mümkünlüyü getdikcə daha çox tanınır. «Bir sıra ölkələr göstərdilər ki, hətta motorizasiyanın (nəqliyyatdan istifadənin) davamlı artımına baxmayaraq, nəqliyyatın içkili halda idarə olunması və sürət həddinin aşılmasına qarşı tədbirlər görməklə, dəbilqə və təhlükəsizlik kəmərlərindən istifadə edilməsini təbliğ etməklə, həmçinin piyada, velosiped və motosiklet idarə edən şəxslərin görünmə səviyyəsini yüksəltməklə kifayət qədər insan həyatını qorumaq və vəsaitə qənaət etmək mümkündür. Birləşmiş Millətlər Təşkilatının Yol Təhlükəsizliyi üzrə Əməkdaşlıq qrupu bunları prioritet məsələlər kimi təyin edir». Baş katib hesab edir ki, gənclərə yönələn səylərdə önləyici tədbirlərin həyata keçirilməsi üçün siyasi iradə və maliyyə vəsaitinin ayrılması tələb olunduğuna görə, yol təhlükəsizliyinin yaxşılaşdırılması ilə bağlı qərarlar ən yüksək Hökumət səviyyəsində qəbul edilməlidir. «Hökumətin nəqliyyat, səhiyyə və təhsil nazirliklərindən başqa bu işdə bir çox digər insanların da öz rolu var: valideyn və himayəçilər, təhsil işçiləri, ictimai və işgüzar sahədə qabaqcıl insanlar, avtomobil assosiasiyaları, sığorta və avtomobilqayırma şirkətləri, tanınmış şəxslər və media, yol-nəqliyyat qəzası keçirmiş şəxslər və onların ailələri».
XS
SM
MD
LG