Accessibility links

Rusiya Dumasının sədri Azərbaycanda səfərdədir


Rusiya Federasiyası Dövlət Dumasının sədri Boris Qrızlov Azərbaycanda səfərdədir. O bu gün prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşlər keçirib. Söhbətlər zamanı ali qanunverici orqanlar arasında əməkdaşlığın perspektivləri, eləcə də ikitərəfli əlaqələrin müxtəlif sahələrinə dair fikir mübadiləsi aparılıb. İqtisadi sahədə Azərbaycan-Rusiya əməkdaşlığının inkişafı məsələləri bu gün Bakıda RF Dövlət Dumasının spikeri Boris Qrızlovla Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov arasında danışıqlar zamanı əsas mövzulardan olub. Milli Məclisdə görüş zamanı Qrızlov Şimal-Cənub nəqliyyat dəhlizinin, xüsusən, onun Azərbaycan, Rusiya və İranın polad magistrallarını birləşdirəcək dəmiryol komponentinin reallaşmasının vacibliyini xüsusi qeyd edib. “Bu layihənin reallaşması üzrə beynəlxalq konsorsium yaradılması üzərində işi sürətləndirilməlidir. İnvestisiyaların qarşılıqlı təşviqi və müdafiəsi haqqında sazişin imzalanması əməkdaşlığın genişlənməsinə şərait yaradarır”. Cənab Qrızlov iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu da deyib. “İndi iki ölkə arasında mal dövriyyəsi təxminən 1,5 mlrd. ABŞ dolları təşkil edir. Lakin cari ildə bu həcmi 2 mlrd. dollara, 2010-cu ildə isə 4 mlrd. dollara çatdırmaq imkanı var” . Öz növbəsində, MM sədri Oqtay Əsədov Azərbaycanın iqtisadi əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda Rusiya kapitalının iştirakı ilə 391 müəssisə fəaliyyət göstərir. Cənab Qrızlov jurnalistlərin sualının cavabında Rusiyanın Abxaziyaya qarşı sanksiya rejimindən çıxmasını düzgün addım adlandırıb. “Bu, Rusiyanın Abxaziya ərazisində yaşayan vətəndaşlarına münasibətdə ədalətlidir. Həm Abxaziya, həm də Cənubi Osetiya parlamentləri bu regionların müstəqilliklərini tanımaq xahişi ilə Dövlət Dumasına müraciət edib”-deyə o qeyd edib. O eyni zamanda Gürcüstanın Rusiyaya qarşı separatizmi dəstəkləmək ittihamlarını rədd edib. Qrızlovun sözlərindən məlum olub ki, Rusiya ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün heç nə etmək niyyətində deyil və o, rəsmi Tbilisi tərəfdən "müsbət" addımlar görmədiyini deyib.
XS
SM
MD
LG