Accessibility links

Azərbaycanda çöl quşlarının kütləvi ölümünün səbəbi quş qripi deyil


Yanvarın son günləri Azərbaycanın bir sıra rayonlarında çöl quşları kütləvi şəkildə qırılıb. Turan agentliyinin Azərbaycan ovçular cəmiyyətinin sədri Ramazan İsmayılova istinadən yaydığı məlumata görə, belə faktlar Dəvəçi limanında, Sumqayıtın dənizə yaxın ərazilərində, Ceyranbatan su hövzəsində və Bakının Novxanı kəndi yaxınlığında qeydə alınıb. Öz növbəsində, dövlət baytarlıq xidmətinin rəisi İsmayıl Həsənov quşların qırılmasının quş qripi ilə əlaqəli olmadığını bildirib. Onun sözlərinə görə, artıq 80 quşun qanı laborotor müayinədən keçirilib və quş qripi müəyyən edilməyib. Cənab Həsənov son günlər kəskin soyuqların da quşların qırılmasına səbəb olduğunu vurğulayıb. Baytarlıq xidmətinin rəisi bu gün Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyəti ilə də görüşüb və Azərbaycan ərazisində quş qripi virusunun yayılması hallarının qarşısının alınması istiqamətində görülən işlər ətrfaında fikir mübadiləsi aparılıb. Cənab Həsənovun sözlərinə görə, ÜST nümayəndələri ölkənin regionlarında da müşahidələr aparacaq. O həmçinin Dünya Bankının Azərbaycanda quş qripi təhlükəsinə qarşı mübarizəni gücləndirmək məqəsədilə xüsusi proqram həyata keçirəcəyini deyib. Cənab Həsənov bildirib ki, Asiya İnikşaf Bankı da artıq dövlət baytarlıq xidmətinə 50 min dollar qrant ayırıb və əlavə yüz min dollar da ayırmaq fikrindədir. Dövlət baytarlıq xidmətinin rəisi bu il martın sonunadək Azərbaycanda quş qripi təhlükəsinin qaldığını da diqqətə çatdırıb.
XS
SM
MD
LG