Accessibility links

Martın 18-də Azərbaycanda referendum keçiriləcək


Martın 18-də Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklər üzrə referendum keçiriləcək. Seçicilər konstitusiyanın 29 maddəsində 41 əlavə və dəyişikliyə səs verəcək. Yeni dəyişiklik konstitusiyada prezidentlik müddəti ilə bağlı məhdudiyyətin aradan qaldırılmasını da nəzərdə tutur.
Ölkədə beş milyona yaxın seçici var və referendumun baş tutması üçün seçicilərin azı 25 faizi səs verməlidir.
MSK katibi Natiq Məmmədov bildirib ki, bütün seçki məntəqələri səsverməyə hazırdır. Referendumu 47 mindən çox müşahidəçi izləyəcək.
Onun sözlərinə görə, 450 mindən çox seçicini əhatə edən təşviqat qrupları yaradılıb. Qruplara təbliğat-təşviqat kampaniyalarını aparmaq üçün qanunda nəzərdə tutulan bütün şərait yaradılıb, görüşlər keçirilməsi üçün 1300 yer ayrılıb.
Cənab Məmmədovun dediyinə görə, MSK-ya cəmi on şikayət daxil olub və onlar əsasını tapmayıb.
Referendumun əleyhinə olan müxalifət qüvvələri “Qarabağ və Respublika Uğrunda” Vətəndaş Hərəkatında birləşib. Müxalifət təbliğat-təşviqat kampaniyasının qanun pozuntusu ilə keçdiyini bəyan edib. AXCP sədri Əli Kərimli bildirib ki, son on ildə pulsuz efir vaxtının müddəti 9 dəfə azaldılaraq 40 dəqiqəyə endirilib və bu da normal təbliğat üçün bəs etmir. Bununla yanaşı, divarlara, küçələrə təşviqat materiallarının yapışdırılmasına yol verilməyib.
Cənab Kərimlinin qənaətinə görə, referendumu saxtalaşdırmağa hazırlıq işləri aparılır. Bu səbəbdən də müxalifət seçiciləri boykota çağırıb.
O referendum saxtalaşdırılarsa müxalifətin məhkəmələrə müraciət edəcəyini də deyib. Azərbaycan məhkəmələrinin qərarlarına qabaqcadan bələd olan cənab Kərimli sonda Avropa İnsan Haqları məhkəməsinin problemlə bağlı qərar qəbul edəcəyinə inanır.
İqtidarda olan “Yeni Azərbaycan” partiyasının icra katibinin müavini Mübariz Qurbanlı təbliğat-təşviqat kampaniyasının bərabər imkanlar daxilində aparıldığını deyib. Seçicilərin səsvermədə azad və sərbəst iştirakı üçün qanunda nəzərdə tutulan bütün imkanlar yaradılıb.
Cənab Qurbanlı müxalifətin boykot çağırışını real saymır. Onun fikrincə, müxalifətin seçicilərə təsir etmək imkanı olsaydı, onları referendumun əleyhinə səs verməyə çağırardı.
“Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi” mərkəzinin rəhbəri Anar Məmmədli də məntəqələrin seçkilərə tam hazır olduğunu deyir. Onun fikrincə, seçki məntəqələri bütün texniki vasitələrlə təmin edilib və əhalinin azad səsverməsi üçün imkanlar var. Bununla yanaşı, cənab Məmmədli referendumun nəticələrinin daha çox seçki komissiyalarının üzvləri ilə bağlı olduğunu önə çəkib.
Ekspert referendumla bağlı keçirilən təbliğat-təşviqat kampaniyası zamanı qanun pozuntularının qeydə alındığını deyib. Onun fikrincə, təşviqat kampaniyası bərabər əsaslarla aparılmayıb.

XS
SM
MD
LG