Accessibility links

Sərhədsiz Reportyorlar Azərbaycanda dövlət mətbuatının birtərəfli mövqe tutduğunu bildirib 


Dövlət büdcəsindən maliyyələşdirilən medianın fəaliyyəti seçicilərdə prezidentliyə namizədlər haqqında tam təsəvvür formalaşdırmağa və səsvermə zamanı düzgün seçim etməyə imkan vermir. Bu barədə mərkəzi qərargahı Parisdə yerləşən Beynəlxalq “Sərhədsiz Reportyorlar” təşkilatının nümayəndəsi Elza Vidal bir ay ərzində aparılan monitorinqin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, monitorinq AzTV, İTV və ANS televiziyalarını, həmçinin “Azərbaycan”, “Respublika”, “Xalq” və “Bakinskiy raboçiy” qəzetlərini əhatə edib. Xanım Vidalın sözlərinə görə, adı çəkilən KİV-lər seçkiləri boykot edən müxalifətin fəaliyyətini işıqlandırmayıb. Bu zaman telekanallarda və qəzetlərdə namizədlərin platformalarının və onların tele efirdə çıxışlarının təhlili aparılmayıb.
”AzTV-də hazırki dövlət başçısına bütün efir vaxtının 44,14%-i ayrıb. Onun birbaşa çıxışı isə efirdə birbaşa çıxışların 68,84%-ni təşkil edib. Monitorinq göstərib ki, dövlət KİV-lərində yalnız hazırki prezident, MSK, keçmiş prezident Heydər Əliyev, Heydər Əliyev Fondu, digər dövlət müəssisələri və dövlət məmurları üstünlük təşkil edib. Yalnız dövlət büdcəsindən maliyyələşməyən ANS telekanalı nisbətən daha çox müxtəlifliyi ilə fərqlənib”.
Təşkilatın hesabatında bir sıra tövsiyələr də yer alıb. “Bütün namizədlərin KİV-ə bərabər və ədalətli çıxış hüququ sözbəsöz Seçki Məcəlləsinə daxil edilməlidir; namizədlərin media ilə münasibətdə olan hüquqları, xüsusilə şikayət proseduru Seçki Məcəlləsində daha spesifik olmalıdır; icra hakimiyyəti, xüsusilə hazırkı prezident barədə xəbərlər seçki kampaniyası dövründəki işıqlandırmada üstünlük təşkil etməməlidir; namizədlərin fəaliyyəti barədə məlumatlar müəllif proqramlara daxil edilməlidir”-deyə təşkilatın tövsiyəsində qeyd edilir.
Yeri gəlmişkən bildirim ki, monitorinq Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Seçki dövründə media plüralizmin müdafiəsi” layihəsi çərçivəsində keçirilib.

XS
SM
MD
LG