Accessibility links

Dünya Azərbaycanlıları Konqresi Çin səfirliyi qarşısına qara əklil qoyub



Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı və təşkilatın bir qrup fəalı uyğurların qətliamına etiraz olaraq Çinin Bakıdakı səfirliyi qarşısına qara əklil qoyub. Əklinin üzərində “Uyğur qətliamı Çin dövlətinin üz qarasıdır!” sözləri yazılıb.
Polis etirazçıları tez bir zamanda səfirliyin qarşısından uzaqlaşdırıb. İnsident olsa da, saxlanılan olmayıb.
DAK həmsədri Sabir Rüstəmxanlı qurumun bəyanatını Çin səfirliyinin nümayəndəsinə təqdim edib. Sənəddə deyilir ki, DAK Uyğur Muxtar Vilayətində baş verən qətliamlara və etnik soyqırıma dərhal son qoyulmasını, həbs olunmuş dinc uyğur türklərinin azadlığa buraxılmasını, uyğur türklərinin dil, din, təhsil və vətəndaş hüquqlarının tanınmasını, beynəlxalq insan haqları konvensiyalarında nəzərdə tutulmuş hüquqların tez bir zamanda uyğur türklərinə şamil edilməsini tələb edir. Cənab Rüstəmxanlı DAK-ın dünyanın digər ölkələrindəki nümayəndəliklərinin də uyğur türklərinin hüquqlarının müdafiəsi ilə bağlı etiraz aksiyaları keçirəcəyini bildirib.
DAK Daimi Şurasının sədri Əjdər Tağızadə dünyada yaşayan bütün türk əsilli insanları Çin mallarını almamağa çağırıb.

XS
SM
MD
LG