Accessibility links

Rusiya prezidenti Azərbaycana səfərə gəlir


Sabah Rusiya prezidenti Vladimir Putinin Bakıya ikigünlük səfəri başlayır. Prezident Putin səfrəinin ilk günü Rusiya milli sərgisinin və Azərbaycanda Rusiya ilinin rəsmi açılışında iştirak edəcək, Azərbaycan dini konfessiya rəhbərləri ilə görüşəcək. Görüş zamanı Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə cənab Putinə "Şeyxülislam" ordeni təqdim edəcək. Fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri arasında danışıqlar başlayacaq. Sonra iki ölkə arasında sənədlərin imzalanması mərasimi olacaq. Dövlət başçıları səfərin yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək. Rusiya prezidentinin səfəri ilə bağlı Bakı şəhərində ciddi təhlükəsizlik tədbirləri görülüb, paytaxtın mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bakı şəhər Baş Polis idarəsinin rəis müavini Yaşar Əliyev bildirib ki, polis gücləndirilmiş rejimdə işləyəcək. «Şəhərin mərkəzi küçələrində postlar qurulub, nəzarət gücləndirilib». Politoloqlar Rusiya prezidentinin səfərini müsbət qiymətləndirir. Onlar hesab edir ki, səfərRusiya ilinin açılışı çərçivəsində keçirilsə də, danışıqların əsas məzmununu İranla bağlı məsələlər təşkil edəcək. Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadənin fikrincə, həm ABŞ, həm də Rusiya İrana qarşı münasibətində Azərbaycanla mütəfiqlikdə maraqlıdır. Prezident Vladimir Putinin Bakıya ilk rəsmi səfəri 2001-ci il yanvarın 9-da olub. Cənab Putinin prezidentliyi dövründə iki ölkə arasında çoxsaylı sənədlər imzalanıb və əməkdaşlıq genişlənib. Ən mühüm cəhətlərdən bir də, iki dövlət arasında Xəzərin statusu məsələsində razılığın əldə edilməsidir. İqtisadi münasibətlərə gəlincə, Azərbaycanda 350 Rusiya şirkəti fəaliyyət göstərir. Onların 82-i 100% Rusiya kapitalına məxsusdur. Azərbaycan isə Rusiya Federasiyasının 68 subyektilə əməkdaşlıq edir.. 2005-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi $1 mlrd. 2 mln. 487 min təşkil edib.
XS
SM
MD
LG