Accessibility links

Cənubi Qafqazdakı münaqişə bölgələrində zorakılıq halları getdikcə artır


Müşahidə etdiyimiz ümumi tendensiya belədir ki, Cənubi Qafqazdakı münaqişə bölgələrində zorakılıq halları getdikcə artır. Xüsusilə bu, gürcü-abxaz münaqişəsində daha çox müşahidə edilir. Bu barədə Beynəlxalq Böhran Qrupunun proqram rəhbəri Sabina Freyzer "Amerikanın səsi" radiosuna müsahibəsində bildirib.

O, misal kimi Rusiya hərbi təyyarələrinin Gürcüstan ərazisinə uçuşlar etməsini və gürcü pilotsuz təyyarələrini vurmasını xatırladıb.

"Bütün bu hallar hazırda diqqəti daha çox gürcü-abxaz münaqişəsinə cəmləşdirib. Bu heç də o demək deyil ki, Dağlıq Qarabağ münaqişəsi daha az təhlükəlidir. Münaqişə bölgələrində hərbi büdcələr çox böyük həcmdə artırılır. Bu da gələcəkdə münaqişələrin aktivləşməsi təhlükəsini artırır".

Onun fikrincə, gərginliyin artmasının müxtəlif səbəbləri var. "Bu münaqişələr on ildən çoxdur davam edir. İnsanların sülh yolu ilə nizamlanma prosesinə inamı azalır, mövcud danışıqlar mexanizmlərinə şübhələr getdikcə artır, münaqişə tərəflərindən ən azı biri danışıqlar çərçivəsini dəyişməyə cəhd edir. Çünki danışıqların mövcud çərçivəsinin faydasını görmür. Üç ölkə - Azərbaycan, Gürcüstan və Ermənistan inkişaf edir, onların iqtisadiyyatları güclənir. Buna uyğun olaraq, hər üç dövlət özünə daha çox əminlik hiss edir və mövqelərini daha güclü müdafiə etməyə çalışır".

Xanım Freyzer hesab edir ki, Avropa Birliyi və ABŞ-ın Cənubi Qafqazdakı münaqişələrə marağı da artır. "Beləliklə, dünya ictimaiyyətinin bu münaqişələrə diqqəti də artmaqdadır".
O, bölgədəki münaqişələrdən hansının sülhə daha yaxın olduğunu deməyə çətinlik çəkib. "Ancaq danışıqlar və proseslər gürcü-abxaz münaqişəsində daha sürətlə gedir, nəinki Dağlıq Qarabağ münaqişəsində. Müəyyən dərəcədə bunu Gürcüstanın uğuru saymaq olar. Çünki Gürcüstan öz siyasəti vasitəsi ilə Avropa Birliyinin münaqişənin həlli prosesinə cəlbi baxımından daha çox uğur qazanıb. Eyni zamanda, dünya ictimaiyyətinin münaqişə ilə bağlı məlumatlandırılmasına daha çox nail olub".

Ermənistan-Azərbaycan danışıqlarına vasitəçilik edən Minsk Qrupu formatına gəlincə, xanım Freyzer hesab edir ki, bu formatın nə ilə isə dəyişilməsi barədə bəlkə də düşünmək lazımdır. "Gürcüstan da danışıqların formatını dəyişməyə ümid edir. Gürcüstan danışıqlarının formatının nə ilə əvəz edilməsi barədə konkret təkliflərlə çıxış edir. Bu dəyişikliklərdən biri, Avropa Birliyinin danışıqlarda daha böyük vasitəçi rolunun olmasıdır. İndi Gürcüstan çalışır ki, digər münaqişə tərəflərini də danışıqlar formatının dəyişdirilməsinə inandırsın. Güman ki, Azərbaycan tərəfi də Minsk Qrupu formatını dəyişmək istəsə digər münaqişə tərəflərinin də razılığını almalıdır".
O, münaqişə tərəflərinin hansının sülh prosesinə səmimi olmasını deməyin çətin olduğunu bildirir. Hər bir münaqişə tərəfi özlüyündə öz istədiyi şəkildə sülh istəyir. "Gürcüstanla bağlı münaqişələrdə vəziyyət bir az fərqlidir. Gürcüstan rəhbərliyi daha uğurlu siyasət aparır və dünya ictimaiyyətini münaqişənin hansı şəkildə nizamlanmasını istədiyi barədə daha çox məlumatlandıra bilib".

XS
SM
MD
LG