Accessibility links

Sabiq iqtisadi inkişaf naziri həbsini siyasi sifariş adlandırıb


Ağır Cinayətlərə dair məhkəmədə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, qardaşı Rafiq Əliyev və digər 17 nəfərin məhkəmə prosesi üzrə hazırlıq iclası davam edib.

Dünən olduğu kimi, bu gün də məhkəyə çoxsaylı jurnalistlər və beynəlxalq müşahidəçilər buraxılmayıb. Fərhad Əliyevin hüquqlarını ictimai müdafiə komitəsinin sədri Cəmil Həsənli məhkəməni açıq elan edilən qapalı proses adlandırıb. Onun sözlərinə görə, məhkəmə zalı zərəçəkmiş adlandırılan adamlarla doldurulur və bununla da süni olaraq yer olmaması görüntüsü yaradılır. Vəkil Elton Quliyev isə cinayət işinə xitam verilməsi ilə bağlı vəsatətə qaldırıb. Vəsatəti Fərhad Əliyev geniş çıxışı ilə müdafiə edib.

Cənab Əliyev siyasi sifarişlə həbs olunduğunu bəyan edib. "Mən siyasi sifarişlə həbs olunmuşam. Haqqımda olan qondarma cinayət işi həmin sifarişin nəticəsidir. İstintaq dövründə törədilən qanunsuzluqlar da bu sifarişdən qaynaqlanıb. Dövlət çevrilişi bəhanəsilə həbs olunduğum halda, bu ittiham iflasa uğradığından, indi korrupsiyada boğulanlar məni korrupsiyada ittiham etmək istəyir. Mən bu cılız, cəfəng və uydurma ittihamların yox, dövlət çevrilişi ittihamının araşdırılmasını tələb edirəm".

Sabiq nazir 19 aylıq həbs dövründə təhdidlərə məruz qaldığını bildirib. "Mənəvi dəyərlər, adət-ənənələrimiz və haqq-salam xatirinə dözdüm. Başa düşmədilər. Üzümü qərar verənlərə tutub, onları bu haqsızlığa son qoymağa çağırıram!"-deyə o iqtidara ismarıc ünvanlayıb.

Cənab Əliyev həbsinin gördüyü işlər, apardığı siyasətlə bağlı olduğunu bildirib. "Məgər yoxsulluğun azaldılmasına çalışmaq, iş yerləri açmaq, insanların güzəranını yaxşılaşdırmaq, sahibkarlığı inkişaf etdirmək, yerli istehsalı genişləndirmək, monopoliya və korrupsiya ilə mübarizə aparmaq, Azərbaycanın gələcəyinin Rusiya ilə bağlı olmadığını, tərəqqimizi qərbə inteqrasiyada görmək və bunu əminliklə təbliğ etmək dövlət çevrilişi adlanır?" - deyə sabiq nazir sual edib.

Onun fikrincə, günahlandırıldığı dövlət çevrilişi ittihamı bəhanə olub. "Niyyətələrinin baş tutmadığını gördükdə, növbəti ağlasığmaz tələblər irəli sürdülər. İstəyirdilər ki, sabiq maliyyə naziri Fikrət Yusifova borc verdiyim pulun Rəsul Quliyevə çatacağını və dövlət çevrilişində istifadə ediləcəyini, narıncı inqilab etmək niyyətim olduğunu və məni buna ABŞ, Böyük Britaniya, Almaniya və digər qərb dövlətlərinin rəsmilərinin, eləcə də, həmin ölkələrin Azərbaycandakı səfirlikləriinin təhrik etdiyini etiraf edim, dövlət başçısından üzr istəyib əfv olunmağımı xahiş edim. Bundan sonra azad olunmağım üçün 100 miylon dollar ödəməyə razılıq verməli idim. Lakin hər bir ləyaqətli insan kimi mən də bu tələbləri qətiyyətlə rədd etmişəm. Elə bu səbəbdən də mən və burada əyləşən günahsız şəxslər həbsdədir"-deyə cənab Əliyev bildirib.

XS
SM
MD
LG