Accessibility links

Harayın qonağı Sabir Rütəmxanlı: Millət zülmə dözməməlidir



Harayın qonağı Sabir Rüstəmxanlıdır. O Milli Məclisin deputatı, xalq yazıçısı, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Vətəndaş Həmrəyliyi partiyasının sədridir. Cənab Rüstəmxanlının Azərbaycan, Rusiya, İran, İsveç və başqa ölkələrdə 35 kitabı müxtəlif dillərdə çap olunub.

Sual: Yeni Haray proqramımızı necə qarşıladınız?
Cavab: “Amerikanın səsi” radiosuna təşəkkür edirəm. Nəhayət, sırf Güney Azərbaycanlıların yaşam tərzi, mədəniyyətləri və hüquqları ilə bağlı belə bir proqram açıb. Adı da çox doğrudur. Güneydə öz torpaqlarında qürbətdə olan kimi yaşayan soydaşlarımızın haray səsini dünyaya çatdırmaq çox vacibdir.
Bəlkə də, bu dünya tarixində acı bir təcrübədir. İran adlanan dövləti sən qurasan, sən yaşadasan, sərhədlərinin və mədəniyyətinin qorunması üçün yüz minlərlə şəhid verəsən, sonda sənin türk dilini danalar, ana dilində oxumağına qadağa qoyalar. Hazırda hakimiyyət türklərlə bölünsə də, bu imtiyaz və səlahiyyətlərin bölgüsü deyil.
Sual: İranda son prezident seçkilərini və seçkilərdən sonrakı dövrü necə qiymətləndirirsiniz? Azərbaycanlıların rolu necə görünür?
Cavab: Prezident seçkiləri bir məsələni aydın göstərdi ki, İranda hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Azərbaycan məsələsi ilə məşğul olmalıdır. İranda azərbaycanlıların qanuni haqlarını verməyən bir şəxs hakimiyyətə gələ bilməz. Prezidentliyə namizədlərin hamısı Təbrizdə çıxışlarını azərbaycanca edir və Azərbaycan dilində məktəblərin açılacağını bildirirdi.
O da göründü ki, azərbaycanlıların İranda seçkilərin nəticələrinə təsir edəcək vahid siyasi təşkilatı yoxdur. Biz Güney Azərbaycanda hərəkatı daha güclü görmək istəyirik.
Sual: Təbrizdə Azərbaycan dilində danışıb vədlər verən Əhmədi Nejatın hökumətinin Azərbaycan dilində məktəblər açacağına, medianın təsisinə icazə verəcəyinə inanırsınız?
Cavab: Buna inanmıram. İran İslam İnqilabından sonra verilən vədlər yerinə yetirilməyib. Mərhum Şəriətmədarinin xidmətləri unudulub. Hazırda hakimiyyət başında olan türk kökənli insanlar bunun haqqında düşünmürsə, bu vədin yerinə yetiriləcəyinə inanmıram.
Bu sadəcə seçkiöncəsi bir vəddir. Amma milləti belə vədlərlə uzun zaman kəsiyində də aldatmaq mümkün deyil.
Sual: Siz, bir neçə ay öncə İranın ali dini rəhbərinə açıq məktubla müraciət etmişdiniz. Məktubunuza cavab aldınızmı?
Cavab: Məktubuma çox reaksiyalar oldu. Müxtəlif imzalarla cavab verilsə də hakimiyyət orqanları tərəfindən hazırlanmışdı. İranın rəsmi saytlarında yazdılar ki. guya mən, bu ölkənin daxili işlərinə qarışmışam. Cavab verdim ki, 35 milyonluq mənim qan qardaşımın hüquqlarından danışmaq ölkənin daxili işinə qarışmaq demək deyil. İnsan haqları beynəlxalq hüququn təməl prinsiplərindəndir.
Sual: İranda insan haqlarından danışdınız. Bu ölkədə seçkilərdən sonra həbsxanalarda ağır işgəncələrdən danışılır. Buna münasibətiniz necədir?
Cavab: Təəssüf ki, İranın hüquq-mühafizə orqanları orta əsrlər dövrünün zülm, istibdad, cəza üsullarından əl çəkməyib. Həbsxanalarda bəzən ən yüksək mənsəb sahibləri belə qızları zorlayır. İnsanın ağlına gəlməyən, islam dinin qaydalarına uyğun gəlməyən cəzalar verilir. İnsan hansı vəzifə daşıyır-daşısın öz vətəninin övladına bu cür insanlığa, dinə, 21-ci yüz ilin havasına yaraşmayan belə hərəkətlərə necə yol verə bilər?
2006-cı ilin mayında azərbaycanlılar öz hüquqlarının müdafiəsinə qalxanda da onlarla insan öldürüldü, 20 mindən çox insan göz altına alındı. Millət bu zülmlərə dözməməlidir, ayılmalıdır.


XS
SM
MD
LG