Accessibility links

Praqada Nabucco kəmərinə dair saziş imzalandı



Bu gün Praqada Avropa İttifaqının “Cənub enerji dəhlizi - İpək Yolu” sammitində Avropa İttifaqı və dörd ölkə arasında “Nabucco” boru kəmərinin tikintisinin sürətləndirilməsi məqsədilə saziş imzalanıb.

Saziş Azərbaycan, Gürcüstan, Türkiyə və Misirlə imzalanıb. Müşahidəçi qismində ABŞ, Rusiya və Ukrayna çıxış edib. Xəbəri Associated Press yayıb.

Müqaviləyə əsasən, tərəflər boru kəmərlərinin tikintisi üzrə uzunmüddətli sazişlər imzalamalı və layihənin həyata keçirilməsini gecikdirən mübahisələri həll etməlidir.

“Nabucco” magistral boru kəməri Orta Asiyadan və Xəzəryanı bölgədən Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan keçməklə Avropaya qaz ixracını təmin etməlidir. Boru kəmərinin 2011-ci ildə işə salınması nəzərdə tutulurdu, lakin 2013-cü ilə qədər təxirə salınıb.

Türkmənistan, Qazaxıstan və Özbəkistan sənədi imzalamayıb. Sənəddə deyilir ki, layihədə iştirak edən tərəflər “Nabucco” üzrə hökumətlərarası sazişin 2009-cu ilin iyununa qədər imzalanması üçün lazımı tədbirlər görəcək.

Praqa sammitində Azərbaycan, Türkiyə, Gürcüstan prezidentləri, Avropa Komissiyasının sədri, Avropa İttifaqı Nazirlər Şurasının baş katibi, Avropa Komissiyasının energetika məsələləri üzrə komissarı, ABŞ-ın, Ukraynanın və digər ölkələrin, beynəlxalq iqtisadi və maliyyə qurumlarının nümayəndələri iştirak ediblər.

Avropa İttifaqına sədrlik edən Çexiyanın Baş naziri Mirek Topolanek hazırda enerji məsələlərinin ən aktual problemlərdən biri olduğunu deyib.

“Bu baxımdan “Cənub dəhlizi – Yeni İpək yolu” sammitinin xüsusi əhəmiyyəti var, tədbirin nəticələri səmərəli olacaq”.

Avropa Komissiyasının sədri Joze Manuel Barrozu isə Avropanın enerji təhlükəsizliyinin təminatı məsələlərindən danışıb.

XS
SM
MD
LG