Accessibility links

Oktyabrın 15-də Azərbaycanda prezident seçkiləridir  


Oktyabrın 15-də Azərbaycanda prezident seçkiləridir. Səsvermə saat 8-də başlayıb 19-da başa çatacaq. Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, prezident seçkilərində 5350 seçki məntəqəsində səsvermə keçiriləcək.
Bütün məntəqələr səsverməyə tam hazırdır. Onun dediyinə görə, MSK 4900306 ədəd seçki bülletenini məntəqələrə paylanıb. Cənab Məmmədov hesab edir ki, seçki bülletenin tərtibatı beynəlxalq normalara cavab verir və seçici üçün hər hansı problem yaratmır.
MSK katibi seçkilərin azad, şəffaf və ədalətli keçirilməsi üçün imkanların olduğunu önə çəkib. Onun dediyinə görə, bu il ilk dəfə olaraq məntəqələrdə videokameralar yerləşdiriləcək. Cənab Məmmədov həmçinin səsverməni 50 mindən çox xarici və yerli müşahidəçinin izləyəcəyini deyib. MSK katibi seçkilərin ilkin nəticələrinin səsvermə başa çatdıqdan bir neçə saat sonra elan ediləcəyini bildirib. Cənab Məmmədov hesab edir ki, seçki komissiyalarının texniki təchizatı və istifadə etdiyi proqramlar bunu tez bir vaxtda hesablamağa imkan verir.
Prezidentliyə namizəd İqbal Ağazadənin qənaətincə, seçkiöncəsi mühit qeyri-demokratik olub. Bununla yanaşı, namizəd hesab edir ki, yaxşı təşviqat kampaniyası aparıb. O, səsvermə zamanı 2500 müşahidəçinin 70 seçki dairəsinin ərazisində monitorinq aparacağını bildirib.
Cənab Ağazadə hazırda seçicilərə psixoloji təsirlərin olduğunu da iddia edir. Onun fikrincə, məntəqələrdə video kameraların quraşdırılması barədə bəyanatlar seçicilərdə qorxu hissi yaradır.
Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli müşahidəçilərin qeydiyyatı ilə bağlı hər hansı problemin yaranmadığını bildirib. Bununla yanaşı, o seçkiqabağı təbliğat mərhələsinin bir qədər aşağı səviyyədə cərəyan etdiyini vurğulayıb.
Cənab Məmmədli həmçinin seçici siyahısı ilə bağlı müəyyən problemlərin qalmaqda olduğunu da diqqətə çatdırıb.
Yeri gəlmişkən onu da qeyd edim ki, əsas müxalifət qüvvələri hesab edilən Müsavat, Xalq Cəbhəsi partiyaları, Milli Birlik Hərəkatı, “Azərbaycan naminə” İctimai Forumun rəhbərləri seçkini boykot etdiklərini bəyan edib. Prezidentlik uğrunda isə 7 namizəd mübarizə aparır. Namizəd İlham Heydər oğlu Əliyev - 1961-ci ildə anadan olub. MDBƏİ-ni bitirib. 1994-2003-cü illərdə Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, 1995-2003-cü illər ərzində Azərbaycan parlamentinin deputatı olub. 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentidir. 2000-2003-cü illərdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin avqust-oktyabr aylarında ölkənin baş naziri olub. 2003-cü ildən ölkə prezidentidir. İqbal Feyruz oğlu Ağazadə - 1968-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini və Kiyev Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib. 1992-ci ildə Qarabağ müharibəsində iştirak edib. 2000-ci ildə Azərbaycan parlamentinə deputat seçilib. 2002-ci ilin dekabrından “Ümid” partiyasına rəhbərlik edir. 2003-cü ildə seçkilərin saxtalaşdırılmasına qarşı etiraz aksiyalarında iştirak etdiyinə görə, həbs cəzasına məhkum edilib. 2005-ci ilin martında əfv edilib. 2005-ci ilin noyabrında parlamentin deputatı seçilib. Fazil Qəzənfər oğlu Mustafayev - 1965-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Azərbaycan Xalq Cəbhəsinin fəalı olub. 1992-93-cü illərdə mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Prezident Aparatında dövlət-hüquq şöbəsinə rəhbərlik edib. 1998-2001-ci illərdə Xalq Cəbhəsi partiyasının sədr müavini olub. Sonradan Böyük Quruluş partiyasını yaradıb və onun sədridir. 2005-ci ildən parlamentin deputatıdır. Hafiz Ələmdar oğlu Hacıyev - 1956-cı ildə anadan olub. Gəncə Kənd Təsərrüfatı Akademiyasını bitirib. Komsomol orqanlarında işləyib. Xalq Cəbhəsi hökumətində “Azərbalıq” dövlət konserninə rəhbərlik edib. 1993-1999-cu illərdə qanunsuz silah saxlama və digər ittihamlarla həbsdə olub. Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus hesab edilib. 2001-ci ildən “Müasir Müsavat” partiyasının lideridir. Qüdrət Müzəffər oğlu Həsənquliyev - 1965-ci ildə anadan olub. 1992-ci ildə BDU-nun Hüquq fakültəsini bitirib. 1992-93-cü illərdə Xalq Cəbhəsi hökumətində dövlət katibinin köməkçisi olub. 2000-2003-cü illərdə MSK-nın katibi olub. 2002-ci ildən Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasına rəhbərlik edib. 2003-cü ildən parlamentin deputatıdır. Qulamhüseyn Surxay oğlu Əlibəyli - 1958-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Xalq Cəbhəsinin fəallarından olub. 1992-93-cü illərdə Xalq Cəbhəsinin hakimiyyəti dövründə prezidentin parlamentlə əlaqələr üzrə nümayəndəsi vəzifəsində çalışıb. 1995-2005-ci illərdə parlamentin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvu olub. 2008-ci ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkiləri boykot haqqında qərar qəbul etdikdən sonra Partiyanın Ali Məclisinin rəhbəri vəzifəsindən istefa verib və partiya sıralarını tərk edib. Avqustda “Aydınlar” partiyasının təşkilat komitəsinin rəhbəri olub. Bakı Dövlət Universitetində hüquq müəllimidir. Fuad Ağasi oğlu Əliyev - 1970-ci ildə anadan olub. Xarici Dillər İnstitutunu bitirib. Komsomol orqanlarında işləyib. 2001-ci ildən Liberal Demokrat Partiyasının sədridir.

XS
SM
MD
LG