Accessibility links

Azərbaycanın sabiq səhiyyə naziri hökuməti korrupsiyada günahlandırıb   


Sabiq səhiyyə naziri Əli İnsanov və digər on nəfərin işi üzrə məhkəmə prosesi davam edir. Bu günki iclasda cənab İnsanov məhkəmənin siyasi sifariş yerinə yetirdiyini bildirib. «Məhkəmə siyasi tapşırıqla qərəzli aparılır. Azərbaycan iqtidarı hansı qayda ilə işləyirsə, məhkəmə də o qaydada aparılır. Körpə uşaq qorxu hiss edəndə gözünü yuman kimi, məhkəmə gözünü yumub». Bu bəyanatı sabiq səhiyyə naziri Əli İnsanov məhkəmə tərkibinə etiraz ilə bağlı vəsatəti baxılmamış saxlandıqdan sonra verib. O iqtidarı korrupsiyada günahlandırıb. "Neft Fondunda, bank sisitemində mənimsəmələr var, büdcənin 50 faizi, böyük kreditlər mənimsənilir. Ölkə prezidentinin xəbəri varsa, niyə tədbir görmür? Neft Fondunun sədri indi harada işləyir?". Cənab İnsanov yenidən neft gəlirləri haqda açıqlama verəndə hakim onu zaldan çıxaracağı ilə bağlı axırıncı dəfə xəbərdar edib və nitqini davam etdirməyə imkan verməyib. "Zaldan çıxarıb məni evə göndərəcəksiniz, ya hara? Mən məhkəmə tərkibinə etiraz edirəm. Məhkəməni qərəzli aparırsınız, faktları düzgün araşdırmaq istəmirsiniz. Vəsatətləri təmin edin. Deyilənlərdən nəticə çıxarın. Tənqid edəni tutmaq olmaz. Tənqiddən nəticə çıxarmaq lazımdır. Siz də qərəzli məhkəmə apardığınıza görə məsuliyyətdən qaça bilməyəcəksiniz. Vaxt gələcək hərəkətlərinizə qiymət veriləcək. Onda deyəcəksiniz ki, mən kim idim, göstəriş verirdilər". Sabiq nazir vəsatətlərini davam etdirib. "İlk öncə hazırki səhiyyə nazirinin məhkəməyə çağırılmasını vacib sayıram. Özəlləşdirilmiş obyektlərlə bağlı səhiyyə nazirliyində iki siyahı mövcuddur. Nazirliyin istintaqa təqdim etdiyi siyahıya otuzadək böyük obyektin adı salınmayıb. Siyahıya salınmış obyektlərin sahəsi 10 kvadratemtrlərlə, salınmayan obyektlərin sahəsi isə hektarlarla ölçülür". O qanunsuz tələbə qəbulu ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin və Prezidentin İcra Aparatının şöbə müdiri Fatma Abdullazadənin məhkəməyə dəvət edilməsi barədə vəsatət qaldırıb. "Mən qanunsuz tələbə qəbulu ilə məşğul olmamışam və ola da bilməzdim. Tələbə qəbulu ölkə başçısının razılığı olmadan aparıla bilməz". Cənab İnsanov istintaq qrupunun rəhbərinin və müstəntiqin işi qərəzli və siyasi sifarişlə apardığından məhkəmədə dindirilməsini vacib sayır. O həmçinin əmlak komitəsinin səlahiyyətli nümayəndəsinin, onu cinayət törətməkdə günahlandıran YAP sədrinin müavini Əli Əhmədovun və Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb. İttihamı müdafiə edən dövlət ittihamçısı vəsatətlərin üçünün qismən təmin edilməsini məhkəmədən xahiş etsə də, sədrlik edən heç bir vəsatəti təmin etməyib. Vəkillər də məhkəmənin istintaqın mövqeyindən çıxış etdiyini, qərəzli olduğunu bildirib. Onların sözlərinə görə, məhkəmə ittiham tərəfinin 150 şahidini dindirsə də müdafiə tərəfinin şahidini məhkəməyə dəvət etməyib. Əli İnsanov müdafiə hüququnun pozulduğunu da diqqətə çatdırıb. Ona martın 30-da müdafiəçiləri ilə konfidensial şəraitdə görüş üçün imkan yaradılmadığını və məhkəmənin iş vaxtı qurtardıqdan sonra davam etdirildiyini bildirib. "Martın 30-da iş günündən sonra həmçinin istintaq qrupunun rəhbərinin, müstəntiqin Ağır Cinayət İşlərinə dair məhkəmədə uzun müddət qalması məhkəmənin necə aparılması ilə bağlı məsləhətləşmədən xəbər verir". Hüquq müdafiəçiləri məhkəmənin azad olmadığını və ədalətldi araşdırma aparmadığını bildirir. Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu da məhkəmənin Əli İnsanov və digərləri barəsində ədalətli araşdıma aparacağına inanmır. Xanım Cəfəroğlu sabiq nazirin məhkəmənin siyasi sifariş yerinə yetirməsi ilə bağlı fikri ilə də razıdır. Onun sözlərinə görə, bəzi mülki işlərdə ədalətli qərarlar qəbul edilsə də, siyasi xarakterli işlərdə heç zaman ədalət müəyyən edilməyib.
XS
SM
MD
LG