Accessibility links

Azərbaycanın “Sərbəst Toplaşmaq Azadlığı haqqında” qanunu müxalifəti razı salmayıb


Milli Məclis 98 "lehinə" və 2 səs "əleyhinə" olmaqla "Sərbəst toplaşmaq azadlığı haqqında qanuna əlavə və dəyişikliklər barədə” qanunu qəbul edib. Qanuna görə, bundan sonra aksiya keçirmək üçün yalnız hakimiyyət orqanını xəbərdar etmək lazımdır, əvvəllər olduğu kimi icazə almaq lazım gəlməyəcək. Belə ki, hakimiyyəti ən azı aksiyadan beş gün əvvəl xəbərdar etmək lazımdır. Eyni zamanda, aksiyanın keçirilmə yeri haqqında məsələ dəyişməyib, yəni hakimiyyət aksiyanın keçiriləcəyi konkret yeri müəyyən edir. Xaricilər və vətəndaşlığı olmayan şəxslər düzəlişlərə uyğun olaraq, dinc aksiyalar keçirmək hüququ əldə edir. 18 yaşına qədər şəxslər yalnız yazılı icazə ilə aksiya təşkilatçısı ola bilərlər. Bundan başqa, istənilən aksiya təşkilatçıları aksiyada birbaşa iştirak etməlidir. Polisə gəlincə, o, eyni vaxtda iki aksiya keçirildiyi və iştirakçılar arasında qarşıdurma olması ehtimalı olduğu halda tədbirin gedişinə müdaxilə edə bilər. Aksiyalar dövlət obyektlərindən ən azı 150-200 metr aralıda keçirilməlidir. İcazəli aksiya ilə beynəlxalq və ya dövlət əhəmiyyətli tədbirlə üst-üstə düşərsə, ləğv edilə bilər. Qəbiristanlıqlarda isə yalnız siyasi xarakter daşımayan toplantı keçirilə bilər. Parlamentin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib ki, "son bir neçə ildə qanuna əlavə və dəyişikliklərin razılaşdırılması üzərində iş aparılıb. 2007-ci ilin sonunda Venesiya Komissiyası öz tövsiyələrini verib və layihəni qəbul edib. Xanım Aslanova hesab edir ki, qanunun hazırkı şəkildə qəbulu beynəlxalq standartlara uyğundur və hər hansı müddəası mübahisə doğurmur. Qanun müxalifətdə olan siyasi partiyaları heç də qane etmir. Onlar hesab edir ki, yeni dəyişikliklər heç nəyi dəyişmir. Əksinə qaydaları bir qədər də sərtləşdirilib. Deputat Pənah Hüseynin fikrincə, prezident seçkiləri ili olduğundan yeni düzəlişlər müxalifətin sərbəst toplaşmaq azadlığını bir qədər də ağırlaşdıracaq. Cənab Hüseyn müxalifətdə olan deputatların qanun layihəsinə dəyişikliklərlə bağlı qanunvericilik təşəbbüsü ilə parlamentə təqdim etdiyi sənədin plenar iclasın müzakirəsinə çıxarılmamasını konstitusiya pozuntusu adlandırıb. Deputat Fazil Qəzənfəroğlu qanunun bir çox müddəalarının Avropa İnsan Haqları Konvensiyasına uyğun olmadığını xatırladıb. Onun fikrincə, qəbiristanlıqlarda siyasi xarakterli toplantılar keçirmək olar. Deputat hesab edir ki, toplantıların keçirilmə yerinin müəyyənləşdirilməsi ilə bağlı yeni müddəalar əvvəlkindən də mürtəcedir. YAP icra katibinin müavini, deputat Səyavuş Novruzov qanun layihəsinin beynəlxalq normalara uyğun olduğunu önə çəkib. Lakin deputat hesab edir ki, insanları şirnikləndirmək qanunla qadağan edilməlidir. O həmçinin mitinq təşkilatçılarının icra hakimiyyəti orqanına sağlamlıqları ilə bağlı arayış təqdim etməsini də vacib sayır. Yəni onlar mitinqlərdə şuluqluq salıb tutulandan sonra məlum olur ki, xəstə imişlər. Müxalifətdə olan AXCP Məclisinin sədri Qulamhüseyn Əlibəyli hesab edir ki, yeni dəyişikliklər mövcud vəziyyəti dəyişmir. "Hakimiyyət sərbəst toplaşmaq azadlığını təmin etmək istəyində deyil. Belə ki, qəbul edilmiş qanun mahiyyətcə heç nəyi dəyişmir. Sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini məhdudlaşdırmaq yenə də icra hakimiyyəti orqanlarının səlahiyyətində qalır", - deyə o qeyd edib.
XS
SM
MD
LG