Accessibility links

Bakıda "Azərbaycanda siyasi hüquqların müdafiəsi - yeni meyarlar" mövzusunda beynəlxalq konfrans keçirilir


Bakıda "Azərbaycanda siyasi hüquqların müdafiəsi -yeni meyarlar" mövzusunda ikigünlük beynəlxalq konfrans açılıb. Konfransda 27 ölkədən ekspertlər, AŞPA, ATƏT PA və Avropa Parlamentinin 16 ölkədən olan 29 deputatı, Azərbaycan hakimiyyətinin, parlamentinin təmsilçiləri, vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak edir. Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, Azərbaycan konstitusiyası insanların hüquq və azadlıqlarının təmin edilməsini hakimiyyətin qarşısında ən ali məqsəd kimi qoyur. Onun sözlərinə görə, ölkə insan hüquqları ilə bağlı bütün beynəlxalq sənədlərə qoşulub. Avropa Parlamentinin Xarici İşlər Komitəsinin və İnsan Haqları üzrə alt komitəsinin üzvü Katrin Saks 2005-ci ildə Avropa Parlamentinin Azərbaycanda müstəqil məhkəmə sisteminin möhkəmlənməsi, fundamental insan hüquq və azadlıqlarının qorunması məsələsi əks olunan qətnamə qəbul etdiyini bildirib. "Avropa Parlamentinin bu ilki qərarında da Azərbaycanla bağlı bənd daxil edilib. Avropa Parlamenti Azərbaycanda insan haqlarının vəziyyətindən narahatlıq bildirir, mətbuata təzyiqlərə son qoyulmasını göstərir. Sənəd həmçinin Cənubi Qafqaz ölkələrində məhkəmə sisteminin islahatları, məhkəmələrin hüquq müdafiəçilərinə qarşı münasibətlərində dəyişiklik edilməsi və mətbuat azadlığı sahəsində vəziyyətin yaxşılaşdırılması qeyd olunur". Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda siyasi hüquqların qorunması ilə bağlı danışıb. Onun fikrincə, Azərbaycan qanunvericiliyi və ölkənin qoşulduğu beynəlxalq sənədlər insanların siyasi hüquqlarının qorunmasına tam təminat verir. Cənab Həsənov bildirib ki, parlamentdə 12 partiyadan deputat, bələdiyyələrdə 20 partiyadan üzvlər var. Prezident seçkilərində isə 8 partiya təmsil olunub. "Ölkədə 3500 qeyri hökumət təşkilatı, mindən çox qəzet və jurnal, 50 elektron KİV və informasiya agentliyi, 16 mərkəzi və regional televiziya fəaliyyət göstərir. Xarici televiziya sisteminə və internetə çıxış tam azaddır". Milli Məclisin AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sözlərinə görə, hazırda AŞ ilə müzakirə edilən 3 mühüm məsələ mövcuddur. Bunlar prezident seçkilərinə hazırlıq və "Seçki Məcəlləsi"nə dəyişikliklər edilməsi, toplaşmaq və mətbuat azadlığı, siyasi məhbus adlandırılan insanlarla bağlı məsələlərdir. "Seçki Məcəlləsi"nə dəyişikliklər edilməsi ilə bağlı Venesiya Komissiyası ilə hazırda çox məhsuldar müzakirələr aparırıq. Ümid edirik ki, bu ilin aprel-may aylarında dəyişikliklərlə bağlı Milli Məclisdə müzakirələr keçirəcəyik. Toplaşmaq azadlığı ilə bağlı da müzakirələr davam edir. Çox yəqin ki, aprel-may aylarında bu məsələ də parlamentdə müzakirə ediləcək. Hesab edirəm ki, Azərbaycanda mətbuat tam azaddır. Hətta Azərbaycanda mətbuat düşündüyümüzdən də azaddır. Problemlər də var. Nədənsə bir sıra KİV-lər siyasi partiyalardan asılıdır. Bəzi beynəlxalq təşkilatlar isə bu sahədəki problemləri şişirdir". Siyasi məhbus məsələsinə gəlincə, o 716 məhbusun azad edildiyini və AŞ qarşısında Azərbaycanın öhdəliyini tam yerinə yetirdiyini deyib. "Buna baxmayaraq, vətəndaş cəmiyyətləri yeni siyasi məhbuslar siyahısı tərtib edir. 2005-ci ildə siyasi məhbuslar üzrə işçi qrupu yaradılıb. Müxtəlif təşkilatlardan olan işçi qrupunun vəzifəsi problemi həll etməkdir. Bu ağrılı məsələdir. Azərbaycan hüquq müdafiəçiləri yenə siyasi məhbus terminindən istifadə edir”. Cənab Seyidov işçi qrupunda siyasi məhbus termininin hüququ pozulmuş insanlar kontekstində müzakirə edildiyini də deyib. "Dünyanın bütün ölkələrində insan haqları pozulur. Məruzəçilər də problemin daxili məsələ kimi həllinə razılaşıblar. Siyasi məsələ üzrə məruzəçi təyini problemlər yarada bilər" - deyə o qeyd edib.

XS
SM
MD
LG