Accessibility links

Azərbaycanda mətbuat azadlığı və onu müdafiə edənlər


Azərbaycanda mətbuata və jurnalistlərə qarşı təzyiqlərə beynəlxalq və yerli ictimaiyyətin etirazları davam edir. Belə ki, Bakıya üç günlük səfərindən sonra ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti bu gün Vyanada xüsusi bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, Azərbaycanın hüquq-mühafizə orqanları bir neçə müstəqil jurnalistə qarşı ittihamları saxtalaşdırıb. Bu, prokurorların hakimiyyət üçün arzuolunmaz insanlara qarşı işləri saxtalaşdırdığı vaxtı geridə qoymuş demokratiya üçün xüsusilə məyusedicidir. Misal kimi o, həbsdə olan jurnalistlər Eynulla Fətullayev, Qənimət və Sakit Zahidov qardaşlarının işlərini göstərib. "Bu jurnalistlərin üçü də terror, vergidən yayınma, narkotik saxlanması və xuliqanlıq kimi saxta ittihamlara görə cəza çəkirlər. Ən son olaraq jurnalist Aqil Xəlilin işi bir daha hüquq-mühafizə qurumlarının tənqidçi jurnalistikaya qarşı mübarizədə qanunsuz iştirakı kimi təhlükəli meyl nümayiş etdirir. Jurnalistin döyülməsi və ona təcavüz faktlarını araşdırmaq əvəzinə prokurorluq ləkəyaxma kampaniyasına başlayıb". Cənab Haraşti jurnalist Aqil Xəlilə qarşı əxlaqsız kampaniyanı yayımlayan telekanalları vasitə olmamağa çağırıb. “Mən bu əxlaqsız kampaniyanı biabırçı dərəcədə genişləndirən telekanalları həmkarlarından birinə qarşı təbliğat işində alət olmamağa çağırıram. Mən həmçinin hüquq-mühafizə orqanlarını qarayaxma kampaniyasını dayandırmağa və jurnalistə qarşı zorakılıqda təqsirli olanları məsuliyyətə cəlb etməyə çağırıram", - deyə o qeyd edib. Mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz reportyorlar" təşkilatı da prokurorluğun müstəntiqləri tərəfindən Aqil Xəlilə ləkə yaxılmasından qəzəbləndiyini bildirib. Təşkilatın bəyanatında deyilir ki, jurnalistin təqibi və rəsmi şəxslərin onu istintaq zamanı qorxutmaq cəhdləri "hiddət" doğurur. “Söz Azadlığını Müdafiə” Komitəsi də bu gün jurnalistlərin hüquqlarını müdafiə məqsədi ilə mətbuat konfransı keçirib. Aqil Xəlilin Hüquqlarını İctimai Müdafiə Komitəsinin rəhbəri, Milli Məclisin deputatı Cəmil Həsənli jurnalistə qarşı aparılan kampaniyanı dayandırmağa çağırıb. O jurnalistin hüquq-mühafizə orqanları tərəfindən mənəvi terrora məruz qaldığını deyib. Cənab Həsənlinin fikrincə, hüquq-mühafizə qurumları Aqil Xəlilə qarşı zorakılıq və bıçaqlanma faktını araşdırmaq əvəzinə zərərçəkənlə ittiham ediləndən də sərt davranır, ona fiziki təsir edirlər. Deputat hətta Stalin repressiya dövründə belə, haqsız və qeyri-ənənəvi ittihamlara rast gəlinmədiyini bildirib. “Turan” Agentliyinin direktoru Mehman Əliyev jurnalistlərə qarşı baş verənlərə hakimiyyətin ictimaiyyətə münasibəti kontekstindən baxmağı vacib sayır. O hesab edir ki, burada söhbət jurnalistləri və cəmiyyəti qorxutmaqla hakimiyyəti əldə saxlayıb neft pullarını mənimsəməkdən gedir. Cənab Əliyev hesab edir ki, bundan sonra tənqidçi jurnalistləri daha ağır tale gözləyir. Belə ki, prezident seçkiləri yaxınlaşır və ilbəil neft pulları artır. Müdafiə komitəsinin üzvü Zərdüşt Əlizadə də hüquq mühafizə orqanlarını ciddi tənqidə məruz qoyub. O bu orqanları qanunun aliliyinə hörmət etməyə, iqtidarın deyil xalqın təhlükəsizliyini qorumağa çağırıb. Bu gün daha bir maraqlı hadisə baş verib. “Azadlıq” qəzetinin əməkdaşı Fikrət Hüseynlinin və digər bir şəxsin telefonlarının nömrələri yazılmış ünvanlardan Aqil Xəlilin müdafiəsi ilə məşğul olan tanınmış hüquq müdafiəçiləri və jurnalistlərin telefonlarına təhqir dolu məktublar göndərilib. Cənab Hüseynli və digər şəxs heç kimə məktub göndərmədiyini bildirib. Təhqirə məruz qalanlardan biri, “Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov “Amerikanın səsi” radiosuna bunu “bir mərkəzdən idarə edilən təxribat” adlandırıb. Öz növbəsində, hüquq-mühafizə orqanları deyilənləri təkzib edir. Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev “Amerikanın səsi” radiosuna ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsinin bəyanatlarını emosional və əsassız adlandırıb. İttiham dolu məktublara gəlincə, cənab Əliyev bu şəxsləri prokurorluğa müraciət etməyə çağırıb. O prokurorluğun bütün müraciətləri diqqətlə öyrənib tədbir gördüyünü bildirib.
XS
SM
MD
LG