Accessibility links

ABŞ Xəzər və Mərkəzi Asiya karbohidrogen resurslarının Avropaya daşınması ilə bağlı danışıqların intensivləşməsini istəyir 


ABŞ Dövlət Departamentinin Xəzərdə energetika diplomatiyası üzrə koordinatoru Stiven Mann Azərbaycana səfəri zamanı Xəzərdən və Mərkəzi Asiyadan karbohidrogen ehtiyatlarının Avropaya daşınması məsələlərini müzakirə edib.

Azərbaycan Sənaye və Energetika nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Natiq Əliyevlə ABŞ Dövlət Departamentinin Xəzərdə energetika diplomatiyası üzrə koordinatoru Stiven Mannla görüşü zamanı energetika təhlükəsizliyi, Xəzər hövzəsində karbohidrogen resurslarının dünya bazarlarına çıxarılması, dünyada neftin və qazın qiymətlərinin artımı tendensiyası məsələləri müzakirə edilib.

Məlumatda deyilir ki, cənab Mann Vaşinqtonun Mərkəzi Asiyanın enerji resurslarının Avropaya Azərbaycan ərazisindən nəqli haqda danışıqları intensivləşdirməyi vacib sayır. "ABŞ hökuməti Azərbaycan və Türkmənistan arasında bu istiqamətdə başlamış dialoq və əməkdaşlığı dəstəkləmək üçün müvafiq tədbirlər görür. Vaşinqton Aşxabadla fəal işləyir və Türkmənistanın ixrac marşrutlarını müxtəlifləşdirərək, həm də Nabucco layihəsində iştirak etməsinə çalışır"-deyə o qeyd edib.
Cənab Əliyev Azərbaycan və Türkmənistanın 9-11 sentyabr 2008-ci ildə Bakıda energetika məsələlərinə həsr edilmiş birgə sərgi-konfrans keçirəcəyini bildirib. Nazir hesab edir ki. bu konfrans iki ölkənin əməkdaşlığı üçün yeni istiqamətlər müəyyənləşdirə bilər.

XS
SM
MD
LG