Accessibility links

İran İsrail prezidentinin Azərbaycana səfərinə etiraz edir


İsrail prezidenti Şimon Peres iyunun 28-də Azərbaycana səfər edəcək. Prezident Peres Azərbaycana böyük nümayəndə heyəti ilə gələcək. Bu barədə İsrailin xarici işlər naziri Aviqdor Liberman məlumat verib. Moskvada səfərdə olan nazir bildirib ki, Azərbaycanla İsrail arasında pozitiv və konstruktiv dialoq mövcuddur.
İsrail prezidentinin Azərbaycana səfəri ilə bağlı məlumatlar Ermənistan prezidentinin İrana rəsmi səfərindən sonra gündəmə gəlib. İsrail prezidentinin Azərbaycana gözlənilən səfəri həm də İranda ciddi narazılıq yaradıb. Bir neçə gün öncə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həsən Füruzabadi İsrail prezidentinin səfərinin İran Azərbaycan münasibətlərində problem yaradacağını bildirib. İranın
neft sənayesi naziri Qulam Hüseyn Nozari isə İran tərəfinin yaxın vaxtlarda “Alov”da işə başlamaq niyyətində olduğunu deyib.
Belə ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Araz, Alov, Şərq” neft yataqlarında Azərbaycan tərəfinin geofiziki işlərə başlaması hələ, 2001-ci ilin iyulunda İran hərbi gəmilərinin həmləsinə səbəb olub. Bundan sonra, strukturda işlər tam dayandırılıb.
Bu günki mətbuat konfransında “Amerikanın səsi” radiosunun sualının cavabında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın son bəyanatlarına münasibət bildirib. Nazir Azərbaycanın xarici siyasət kursunun milli maraqlara cavab verdiyini və bu kursa heç kimin qarışmaq hüququ olmadığını bəyan edib. “İranın son bəyanatları sual doğurur. Əfsuslar olsun ki, bu bəyanatlar həm də İranın hərbi qüvvələrindən gəlir. Azərbaycan
Ermənistan rəhbərinin və ya yüksək vəzifəli şəxslərinin İrana səfərlərini müzakirə etmir və mövqe bildirmir. Azərbaycan başqa ölkələrin xarici işlərinə qarışmır və digər ölkələrin də Azərbaycanın daxili işlərinə qarışmasına imkan verməyəcək. Azərbaycan öz milli maraqlarına uyğun xarici siyasətini aparır”-deyə nazir qeyd edib.
Müstəqil ekspertlər isə İran rəsmilərinin bəyanatını Azərbaycanın daxili işlərinə qarışmaq və hədə siyasəti kimi qarşılayır. “Turan” Agentliyinin “Siyasi məsələlər” redaksiyasının rəhbəri Şahin Hacıyev İranın Azərbaycan-İsrail münasibətlərinə qısqanclıqla yanaşdığını xatırladıb.
Ekspert eyni zamanda İranın bəyanatlarının real hərəkətlərlə müşahidə olunacağını da istisna etmir.
“İranın Azərbaycanla bağlı hədə bəyanatlarını bir qayda olaraq hərbi strukturların rəhbərləri verib. 2000-ci illərin əvvəlində İranın Təhlükəsizlik Şurasının rəhbəri və Müdafiə nazirinin bəyanatlarından sonra İran tərəfi Xəzərdə hərbi güc nümayiş etdirdi, Iran hərbi təyyarələri Azərbaycanın hava məkanına soxuldu. Hazırkı dövrdə İranın belə hərəkətlərə baş vurmasını ciddi səhv olacardı”.
Dini məsələlər üzrə ekspert Tofiq Türkel İranın Azərbaycana qarşı təhdidlərinin dinlə bir araya sığmadığını deyir. Onun fikrincə, dini dövlət olan İranın regionun xristian dövlətləri ilə müttəfiqlik etməsi müqabilində, əhalisinin əksəriyyəti şiə olan Azərbaycanı hədələməsi islam qanunlarına qarşı çıxmaq deməkdir.
“Alov” strukturunda İranın işə bağlayacağı barədə bəyanatı enerji məsələləri üzrə ekspertlər tərəfindən də siyasi addım kimi dəyərləndirilir. Çünki Azərbaycan həmin strukturda 2001-ci ildən işləri tam dayandırıb.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “Amerikanın səsi”nin sualının cavabında mərhum prezident Heydər Əliyevlə İranın dini rəhbəri Əli Xameneyi arasında Xəzərin hüquqi statusu müəyyən edilənədək orada iş aparılmaması barədə razılıq əldə edildiyini bildirib. Hazırda məsələ nazir müavini tərəfindən araşdırılır.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə İranın Xəzərdə “Alov” strukturunda iş aparmaq üçün texniki imkanlarının və texnologiyalarının olmadığını bildirir. Onun sözlərinə görə, vaxtı ilə dənizin İran sektorunda tədqiqat işlərini bu dövlətin sifarişi ilə Azərbaycan Dövlət Neft Şirkəti yerinə yetirib. Bu strukturun yerləşdiyi ərazidə suyun dərinliyi 550-700 metrə çatır.
Qeyd edim ki, “Araz – Alov - Şərq” strukturlarının işlənməsi üzrə 1998-ci ilin iyulunda ARDNŞ - 40%, BP - 15%, Statoil 15%, ExonMobil - 15%, TPAO - 10%, Alberta Energy - 5% şirkətlərinin iştirakı ilə müqavilə imzalanıb. Layihənin operatoru BP şirkətidir.

XS
SM
MD
LG