Accessibility links

Svante Kornell: “Keçmiş sovet məkanında hüququn üstünlüyü yoxdur”


- Qərb institutları nədən MDB məkanında dövlət institutlarının islahatlarına daha yaxından kömək etmir? - Qərb dünyası keçmiş sovet məkanında dövlət institutları ilə işləməkdən qorxur. Çünki deyirlər ki, bu dövlətlərdə islahatlar etmək çox çətindir. Böyük korrupsiyalar, sovet mentaliteti var. Bir də, bu ölkələrdə dövlət institutları ilə birgə proqramların hayata keçirilməsi, demokratik dövlətlərin siyasi kursuna xələl gətirir. Çünki ictimaiyyət öz demokratik hökumətinin korrupsiyaya uğramış polis ilə işləməsini istəmir. Ancaq ictimai təşkilatlarla işləməyin heç bir riski yoxdur, problem yaratmır. - Azərbaycanda demokratikləşmə prosesini necə görürsünüz? Proses aşağıdan, yoxsa yuxarıdan başlamalıdır? - Bu proses həm cəmiyyətdə, həm də hökumətdə olmalıdır. Bir tərəfdən demokratikləşmə prosesi yoxdur. - Qərb institutlarının Azərbaycanda ictimai-siyasi təşkilatlara və hökumət institutlarına münasibətini necə qiymətləndirərdiniz? - Qərb ölkələri Sovet İttifaqı dağıldıqdan sonra daha çox iki faktora önəm verir. Biri seçkilər, digəri isə ictimai təşkilatlardır. Onlar düşünür ki, seçkilərin azad olması və ictimai təşkilatların inkişaf etdirilməsi ilə demokratiya inkişaf edəcək. Ancaq keçmiş sovet məkanında belə olmadı. Çünki hələ dövlət institutlarının böyük problemləri var. Böyük korrupsiya var, idarəetmə sistemi yaxşı işləyə bilmir, təcrübələri azdır, ixtisaslı kadrları kifayət deyil. Bütövlükdə keçmiş sovet məkanında hüququn üstünlüyü yoxdur. Hüququn üstünlüyü demokratiyanın çox böyük bir parçasıdır. Amma qərb dünyası bu məkanda daha çox seçkilərə fikir verir. Bütün dünya seçkilərin nəticəsi ilə bağlı hesabatı gözləyir. Azad seçkilər keçirilib və ya keçirilməyib. Amma heç kim bu ölkələrdə pərdə arxası hüquq oyunlarına önəm vermir. Burada bir problem var. Əslində hüquq rejimlərinin, polisin və ya daxili işlər nazirliyinin islahatları, modernləşməsi həyata keçirilmədən, yaxşı seçki keçirməklə və ya sivil cəmiyyətin olmasına baxmayaraq demokratiya bərqərar olmayacaq. Gürcüstan regionda demokratiyaya iddia edir. Mən isə bir az fərqli yanaşıram. Gürcüstanda son dörd ildə baş verənlər bir dövlətçilik prosesidir. 2003-cü ildə Şevardnadze zamanında qərb dünyası Gürcüstana tükənmiş dövlət kimi baxırdı. Son dörd ildə Saakaşvilinin fəaliyyətinin əsasını korrupsiyanı yox etmək təşkil edir. Bu gün Gürcüstanda yol polisində heç bir korrupsiya halı yoxdur. Balaca bizneslər üçün korrupsiya çox azdır. Bu dövlətçilik prosesidir. Ancaq demokratiya başqa baxışdır. Bunlar əlbəttə bir-biri ilə yaxın proseslərdir. -Cənubi Qafqazın hansı dövləti demokratiyaya və dövlət quruculuğuna daha yaxındır? - Beş il əvvəl dövlətçiliyə Azərbaycan daha yaxın idi. Doğrudan güclü bir dövlət qurulmuşdu. Gürcüstanda o vaxt əksinə idi. İndi demək olar ki, Gürcüstan demokratiyanın inkişafında birinci yerdədir. Çünki onlar çox ciddi islahatlara başlayıb. Təbii ki, onların da problemləri çoxdur. Güclü demokratiya yaratmaq üçün uzun yol keçməlidirlər. Qafqaz ölkələrində həm güclü demokratik, həm də güclü avtoritar güclər var. Bunlar bir-biri ilə toqquşur. Belə ki, bu ölkələrdə həm hökumətin daxilində, həm də müxalifətin daxilində avtoritar və demokratik güclər var. - Azərbaycan və Gürcüstan NATO-ya daxil ola bilərmi? Hər iki ölkənin daxilində münaqişələr var? - Bu ölkələrin daxilində münaqişələrin olmasını irad gətirərək, Almaniya əleyhinə çıxış edir. Xanım Merkel deyir ki, Abxaziya münaqişəsi varsa Gürcüstan NATO-ya üzvlüyə daxil ola bilməz. Ancaq, xanım Merkelin Almaniyanın üzvlüyü dövrü deyəsən yaddından çıxıb. Çünki 1955-ci ildə Qərbi Almaniya NATO-ya üzv olduğu dövrdə Şərqi Almaniya onun tərkibində deyildi və böyük problemi mövcud idi. Bu fikrin Almaniyadan gəlməsi bir az təzadlıdır. İkincisi, Rusiya elə siyasət yürüdür ki, NATO Cənubi Qafqaz bölgəsindən qorxsun. Qafqaz ölkələri NATO üçün təhlükəli olsun. NATO nə vaxt bu ölkələri özünə yaxınlaşdırmaq haqqında düşünür, Rusiya bu regionda nə isə bir provokasiya həyata keçirir. Eyni anda, NATO həm də təkcə bir hərbi təşkilat deyil, hərbi-siyasi təşkilatdır. Bir ölkənin NATO-ya qəbul edilməsi üçün bu ölkədə bəzi standartların olması lazımdır. Onun üçün Gürcüstandakı güclü islahatlar NATO-ya üzvlük və təhlükəsizliyini yaxşılaşdırmaq üçün hökumətin etdiyi cəhddir. - Azərbaycanda bu ilin sonunda prezident seçkiləri keçiriləcək. Seçkilər beynəlxalq standartlara uyğun olmazsa hansı problemlər yaşana bilər? - İlk öncə mediada inkişaf vacibdir ki, müxalifətin mətbuata çıxışına imkan yaransın. Televiziya kanallarında həm hökumətin, həm də müxalifətin siyasətini xalqa bərabər izah etməsi üçün şərait olmalıdır. Eyni zamanda, Azərbaycanda keçmiş seçkilərdə xeyli problemləri gördük. Səsvermə günü normal keçir, amma səslərin sayılmasında böyük problemlər yaşanır. Bunların bəziləri çox lokal problemlərdir. Ən vacibi hökumətin yüksək səviyyəsindən idarəçilərə çox qəti əmrlər gəlməlidir ki, siz seçkiləri pozmayacaqsınız. Çünki Sovet dövründən qalan bir ənənə var. Bir rayonda idarəçi düşünür ki, qonşu rayonda prezidentin lehinə 55 faiz səs varsa, mən 65 faiz etsəm daha hörmətli görünərəm. Gürcüstanda bunu gördük. Saakaşvili istəyirdi seçkilər daha yaxşı olsun, çünki onun təhlükəsizliyi üçün bu çox vacib idi. Yenə də rayonlarda bəzi idarəçilər düşünürdü ki, əlbəttə bunu desə də, mən çox səs versəm xoşuna gələr. Azərbaycanda bu hal daha qabarıq görünür. Bunu 2003-cü il və 2005-ci il seçkilərində də gördük. Bu il keçiriləcək prezident seçkilərində ilk öncə seçkiləri idarəetmə sistemində böyük islahatlar aparmaq lazımdır. Bir də onlara xatırlatmaq lazımdır ki, kim qanunu pozarsa böyük problemləri olacaq. 2005-ci ildə bir neçə yüksək vəzifəli şəxs həbs edildi. Mənə elə gəlir ki, indi də prezidentdən bütün dövlət sisteminə belə güclü siqnallar gəlməlidir ki, bu cür addımlara izn verilməyəcək. Seçkilərdə Azərbaycana çoxsaylı xarici müşahidəçilərin dəvət edilməsi də çox vacibdir. - Seçkilərin neft gəlirlərinə də təsiri ola bilərmi? - Seçkilərin Azərbaycanın neft gəlirlərinə hər hansı təsiri olmayacaq. Ancaq qeyri-demokratik seçkilər olarsa bu Azərbaycanın beynəlxalq prestijinə təsir edə bilər. Demokratik seçki keçirməyən neft ölkələrinin iqtisadi vəziyyəti pis olmur, ancaq prestiji aşağıdır. Venesuela, Körfəz ölkələri buna misaldır. Hamı onlardan neft alır. Ancaq bu ölkələrin beynəlxalq pristiji aşağıdır. - Bu ilki seçkilərin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə təsir nə ola bilər? - Demokratik seçki Azərbaycanın Ermənistanla münaqişədə böyük nəticələr əldə etməsinə kömək edə bilər. Ermənistan dünyaya özünü Azərbaycandan daha demokratik ölkə kimi təqdim etsə münaqişənin sülh yolu ilə həllini tapılmasında daha böyük çətinliklər yaradar. Son 3-4 ildə Azərbaycanla Ermənistan arasında iqtisadi balans dəyişib. Azərbaycan iqtisadi, hərbi cəhətdən güclənib, öz siyasətini dünyada daha yaxşı anlatmağa imkanları yaranıb. Azərbaycanın dünyada mövqeləri güclənib, Ermənistanın mövqeləri zəifləyib. Bu proses isə yalnız iqtisadi inkişafla irəli getmir. Dünya bu şəraitdə Azərbaycanı demokratik ölkə kimi tanısa ölkənin mövqeləri daha da güclənər, beynəlxalq maraq artar. Gördük ki, Gürcüstan nə qədər çox islahatlar aparıldısa, dünyanın marağı da bir o qədər artdı. Bu, bölgədə strateji cəhətdən də çox vacibdir. Azərbaycan demokratiya sahəsində daha dərin islahatlara gedərsə beynəlxalq maraq daha çox artar və Qarabağ münaqişəsinin həllinin tapılması üçün maraq da artacaq. - Dünyada müsbət nüfuzunun daha da artması üçün Azərbaycan seçki islahatları ilə yanaşı daha hansı sahələrdə islahatları dərinləşdirməlidir? - Ölkədə bütün sektorlarda islahatlar vacibdir. Azərbaycan sıfırda da deyil. Bir sıra addımlar atıb. Xüsusilə də iqtisadi sahədə. Azərbaycanın diplomatik korpusunun gücləndirilməsi prosesi də gedir. Diplomatik Akademiya açılıb, dünyanın bir çox ölkələrində səfirliklər təsis edilib. Bu çox lazımlıdır. İkincisi, korrupsiya sahəsində addımlar atılmalıdır. Azərbaycan beynəlxalq şəffaflıq təşəbbüsündə vacib rol oynayır. Ölkədə həyata keçirilən böyük səviyyəli layihələrdə şəffaflıq var. Ancaq adi biznes üçün problemlər çoxdur. Bunu hamı bilir. Ölkəyə çox neft pullarının gəlməsi bu prosesi bir qədər də çətinləşdirir. Onun üçün Azərbaycan hökuməti bu sahədə daha böyük tədbirlər görməlidir ki, korrupsiyanın səviyyəsi azalsın.
XS
SM
MD
LG