Accessibility links

Amerika və Azərbaycan hərbi təlim keçirir


Azərbaycan Müdafiə Nazirliyinin Qaraheybət Təlim Mərkəzində Amerika və Azərbaycan hərbi qüvvələrinin “Regional Cavab 2009” birgə hərbi təlimləri davam edir. Sabah başa çatacaq təlimlər Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində keçirilir. Əməliyyatlarda 759 hərbiçi iştirak edir. Onların 565 nəfəri Azərbaycan, 194 nəfəri isə Amerika Silahlı Qüvvələrinin hərbi qulluqçularıdır. Eyni zamanda, təlimləri Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan, Polşa, Litva və digər dövlətlərin hərbiçiləri müşahidə edir.
Beynəlxalq sülhü dəstəkləmək təşəbbüsü ilə keçirilən təlimlər 3 gün qərargah və 5 gün səhra əməliyyatları şəraitində olub. Təlimlər nəzarət-keçid məntəqələrinin yoxlanılması, yolların təhlükəsizliyi, sənədlərin götürülməsi, döyüşün idarə edilməsi, təchizat və materialların hazırlanması, əlaqələndirmənin təşkili, binaların mühasirəsi və axtarışı, terrorçuların zərərsizləşdirilməsi, hesabatların hazırlanması mərhələlərindən ibarətdir. Təlimin ərazisi Abşeron yarımadasında yerləşir, Bakı şəhəri və Beynəlxalq Hava limanını əhatə edir.
Bu gün hərbi təlimləri ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi izləyib. Xanım Dersi bildirib ki, Azərbaycan təlimləri çox yüksək səviyyədə təşkil edib. “ABŞ hərbiçiləri təlimləri çox təqdirəlayiq hadisə hesab edir. Təlimlərin ən mühüm və dəyərli məqamı ondan ibarətdir ki, iki ölkə hərbiçiləri bir-biri ilə əlaqə qurub, dost olub”.
ABŞ Silahlı Qüvvələrinin generalı Braun L.Tarbet də təlimlərdə Azərbaycan hərbi qüvvələrinin iştirakının yüksək səviyyədə təmin olunduğunu deyib. “Təlimlərin səmərəli həyata keçirilməsi üçün bütün şərait yaradılıb. İştirak edən hərbi qüvvələr təcrübələrini bölüşdürüb. Batalyon və manqa halında Amerika və Azərbaycan hərbiçiləri inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərib. Təlimlər çox mükəmməl keçirilib”.
Onun dediyinə görə, iki ölkə hərbiçiləri beynəlxalq sülhyaratma əməliyyatlarına birgə qatılıb. “Sülh əməliyyatlarının keyfiyyətinin yüksəldilməsi və mahiyyətcə yaxşılaşdırılması üçün bu təlimləri həyata keçiririk. Belə təlimlər sülh əməliyyatları zamanı müxtəlif səviyyələrdə olan işimizə təkan verəcək”, - deyə o qeyd edib.
Səfir Enn Dersi “Amerikanın səsi” radiosunun Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və iki ölkə arasında sərhədlərin açılması ehtimalı ilə bağlı sualına da cavab verib. Səfir Azərbaycan və ABŞ prezidentlərinin telefon söhbətinə istinadən bildirib ki, prezident Obama Ermənistan və Türkiyə arasında əlaqələrin normallaşması, mövqelərin yaxınlaşması prosesini dəyərləndirir. “Hesab edirik ki, bu normallaşma prosesi bölgədə sülhün və sabitliyin güclənməsinə öz töhfələrini verə bilər. Bu, eyni zamanda paralel qaydada Dağlıq Qarabağ münaqişəsinin həllini axtardığımız istiqamətdə də fayda verər, təkan göstərər.”
Onun sözlərinə görə, ABŞ dövlət katibi Hillari Klinton Konqres qarşısında çıxışı zamanı da Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun axtarılmasını və bu istiqamətdə əldə olunan proqresi dəstəklədiyini bildirib. “ABŞ-ın ATƏT-in Minsk qrupu formatında fəaliyyət göstərən həmsədri Metyu Brayza son həftələrdə bölgəyə 4-5 dəfə səfər edib. M.Brayza bu gün də digər həmsədrlərlə birgə Bakıdadır. Minsk Qrupu münaqişənin nizamlanması istiqamətində səylərini daha da intensivləşdirib. Eyni zamanda, münaqişənin həlli yolunu tapmaq arzusundadır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG