Accessibility links

Azərbaycanda təhsil islahatları davam edir


Azərbaycan təhsilinin rəhbər şəxslərinin respublika müşavirəsində təhsil islahatları müzakirə olunub. Təhsil naziri Misir Mərdanov bildirib ki, islahatlar son dövrlər yüksək mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, son 4 ildə bu sahədə on beş dövlət proqramı qəbul edilib. Nazir məktəbəqədər təhsildən danışarkən deyib ki, son 25 ildə ilk dəfə Bakı şəhərində 11 yeni uşaq bağçasının inşasına və 14 bağçanın əsaslı təmirinə başlanıb. Yeni dərs ilinədək 700 yerlik 7 uşaq bağçası istifadəyə veriləcək. O, 2007-ci ildə 200 yeni məktəb binasının inşasının başa çatdırılacağını da diqqətə çatdırıb. Cənab Mərdanov bildirib ki, 2007-2008-cu tədris ilində Bakı və Sumqayıt şəhərindəki 23 pilot məktəbinin birinci siniflərində yeni kurrikulumla müəyyənləşdirilmiş təhsil, eksperiment kimi tətbiq ediləcək. Bu faktiki ümumtəhsil sistemində islahatların yeni mərhələsinin başlanğıcı deməkdir. Nazir təhsil sahəsində müasir informasiya texnologiyalarının tətbiqi sahəsində də mühüm addımlar atıldığını deyib. Onun sözlərinə görə, 2004-cü ildə ölkədə hər min şagirdə bir komputer düşürdü. Cənab Mərdanov şagird nailiyyətlərinin qiymətləndirilməsi, dərslik təminatı, idarəetmənin təkmilləşdirilməsi, texniki peşə təhsili, ali təhsil və elm sahələri ilə bağlı da geniş məlumat verib.

Bakı təhsil idarəsinin sabiq müdiri Asif Cahangirov hesab edir ki, təhsil sahəsində beynəlxalq qurumların ekspertlərinin müsbət rəyini almış aydın islahat proqramı var. Bununla yanaşı, o, həllini gözləyən çoxsaylı problemlərin olduğunu da bildirir. Ekspertin fikrincə, məktəblərdə hələ demokratik münasibətlər formalaşmayıb. O digər sahələrlə yanaşı, dərsliklərin fəlsəfəsinin də qərb standartlarına cavab vermədiyini bildirib.

XS
SM
MD
LG