Accessibility links

2015-ci ilədək beş min azərbaycanlı dövlət hesabına xarici universitetlərdə təhsil alacaq


Təhsil Naziri «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası məsələlərini qabaqcıl ölkələrin səfirliklərinin və beynəlxalq təhsil mübadiləsi proqramlarının nümayəndələri ilə müzakirə edib. Təhsil naziri Misir Mərdanov bildirib ki, 2015-ci ilədək dünyanın aparıcı universitetlərində dövlət vəsaiti hesabına 5000 azərbaycanlı gənc təhsil alacaq. Onun sözlərinə görə, Təhsil Nazirliyinin məqsədi tələbələrin Azərbaycanda daha çox ehtiyac olan ixtisaslar üzrə təhsil almalarına nail olmaqdır. Nazir xarici ölkələrə dövlət vəsati hesabına göndəriləcək tələbələrin təhsilini başa vurduqdan sonra ölkəyə qayıdaraq, azı üç il müvafiq sahələrdə işləməsini vacib sayır. Cənab Mərdanov həmçinin xarici ölkələrdə aparıcı universitetlərin seçilməsi məqsədilə işçi qrupun yaradılmasının vacibliyini qeyd edib. Beynəlxalq təşkilatların nümayəndələri və səfirliklərin əməkdaşları təhsil proqramının icrasının ölkədə iqtisadi, siyasi və mədəni inkişafa bir daha təkan verəcəyini bildirib. ABŞ səfirliyinin ictimai əlaqələr şöbəsinin rəhbəri Conatan Henik bildirib ki, proqram iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək. "İndiyədək minlərlə azərbaycanlı təhsil mübadilə proqramları çərçivəsində Amerikada təhsil alıb. Bu proqram isə əməkdaşlığa bir daha təkan verəcək". Böyük Britaniya Təhsil Şurasının Azərbaycandakı nümayəndəsi Əndri Vilyamsın sözlərinə görə, təşkilat son on ildə yüzlərlə azərbaycanlı tələbəni Böyük Britaniyada təhsil almaq üçün göndərib. "Azərbaycanlı tələbələr daim yüksək nəticələr göstərir"-deyə o qeyd edib. . Tədbirdə çıxış edən Rusiya, Türkiyə, Çin, Cənubi Koreya, Yaponiya və Almaniya nümayəndələri də proqramı dəstəklədiyini bildirib.
XS
SM
MD
LG