Accessibility links

Azərbaycanda 24.345 nəfər ali məktəblərə qəbul olunub


"Bu il ayrılmış 27.464 plan yerinə 24.345 abituryent daxil olaraq tələbə adını qazanıb". Bu barədə bu gün qəbul imtahanlarının nəticələri ilə bağlı mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, imtahanlar zamanı 183 binadakı 3775 zaldan istifadə olunub. İmtahanların nəticələri məntiqi yoxlamalardan da keçirilib. "Müəyyən edilib ki, 15 zalda 30 abituryent arasında köçürmə halı olub. Köçürmə halları müəyyən edilmiş abituriyentlərin imtahan nəticələri ləğv edilib". M.Abbaszadə bir çox universitet və akademiyalarda abituriyent yerlərinin hamısının tutulduğunu, dövlət ali məktəblərinin ödənişsiz yerlərinin 91 faizinin tutulduğunu deyib. Komissiya sədri qəbul olmuş abituriyentlərin 59 faizinin 300-500 arasında bal topladığını bildirib. "Müxtəlif qruplar üzrə yüzlərlə abituriyent 600-dən çox bal toplayıb. Tibb universitetinə qəbul olanların 283 nəfəri, Bakı Dövlət Universitetinə qəbul olanların 256 nəfəri, Dövlət İdarəçilik Akadamiyasına qəbul olanların 121 nəfəri, özəl ali məktəblərdən isə Qafqaz Universitetinə qəbul olanların 34 nəfəri, Xəzər Universitetnə qəbul olanların isə 2 nəfəri 600-dən çox bal toplayıb". Komissiya sədri 3 abituriyentin 700 bal, 1 abituriyentin isə 695 bal toplamasını ilin sensasiyası adlandırıb. "İlk dəfə olaraq 3 nəfər tələb olunan 700 balın hamısını, bir nəfər isə 695-ni toplayıb". M.Abbaszadə deyib ki, ali məktəblərdə 2300 abituryent yeri boş qalıb. "Ali məktəblərin boş qalmış yerlərinə və 11 illik təhsil bazasında orta ixtisas məktəblərinə sənəd qəbulu avqustun 10-dan 20-dək aparılacaq. "Ali məktəblərin boş qalan yerlərinə keçirilən müsabiqədə ali məktəblərə qəbul olmaq istəyən şəxslər üçün keçirilən test imtahanlarında iştirak etmiş, müsabiqəyə buraxılmış və müsabiqədən keçmədiyi üçün ali məktəbə qəbul olmayan abituriyentlər iştirak edə bilər. Orta ixtisas məktəblərinə müsabiqədə test imtahanlarında iştirak etmiş 100 və daha artıq bal toplamış abituriyentlər iştirak edə bilər". Ali məktəblərin boş qalan yerlərinə və 11 illik təhsil bazasında orta ixtisas məktəblərinə sənəd qəbulu ilk dəfə olaraq internet vasitəsi ilə aparılacaq. Abituriyentlərin nəticələri ilə bağlı şikayət, sual və müraciətlərə avqustun 15-dən sonra TQDK tərəfindən yaradılmış Apellyasiya komissiyaları tərəfindən baxılacaq.
XS
SM
MD
LG