Accessibility links

Azərbaycanda xarici televiziyaların yerli tezliklərdə yayımı dayandırılacaq


«Azərbaycan ölkə ərazisində yerli tezliklərdə yayımlanan bütün xarici televiziya kanallarının yayımını benyəlxalq standartlara uyğunlaşdıracaq. Onların yayımı yalnız kabel şəbəkəsi və peyk antennaları vasitəsilə həyata keçiriləcək». Bu barədə Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli «Amerikanın səsi» radiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə, Türkiyənin TRT televiziyası istisna olmaqla, qalan bütün xarici televiziyaların yerli tezliklərdə yayımı bu il iyulun 10-dan dayandırılacaq. "Rusiya televiziylarının Azərbaycanda yayımı ilə bağlı MTRŞ-nin mövqeyi dəyişməz olaraq qalır. Əgər Rusiya tərəfi AzTV və ya İTV-nin bütün xərcləri üzərinə götürməklə Moskva şəhərində yayımını həyata keçirərsə, Azərbaycan tərəfi də Rusiyanın RTR və ya 1-ci kanalının Azərbaycanda eyni şəkildə yayımını təmin etməyə hazırdır. Analoji hal Türkiyə ilə də həyata keçirilir. Türkiyə artıq AzTV-nin yayımını həyata keçirir. Bu səbəbdən də TRT-nin Azərbaycanda yayımı dayandırılmayacaq". MTRŞ sədri həmçinin xarici televiziyaların yayımı ilə bağlı məsələlər başa çatdıqdan sonra xarici radioların yayımının beynəlxalq standartlara uyğunlaşdırılacağını bildirib."Xarici radioların yayımı ilə bağlı məsələyə 2008-ci ildə baxılacaq». Cənab Məhərrəmli həmçinin Milli Teleradio Şurasının yerli B&B TV-yə Azərbaycan ərazisində efir-kabel və kabel yayımı üçün icazə verdiyini bildirib. Onun sözlərinə görə, B&B TV Azərbaycanın bütün ərazisində yayımlanan ilk kabel televiziyasıdır. "MTRŞ B&B TV ilə qiymətlərin aşağı salınması ilə bağlı da razılığa gəlib". Bu şirkət həmçinin Bakıda rəqəmsal sistemlə yayımlanacaq. MTRŞ sədri bildirib ki, şuranın dünəki iclasında rəqəmsal sistemlə işləyən yayım xidmətinin (xarici televiziyaların retranslyasiyası) inkişafı barədə də qərar qəbul edilib. "2007-ci ildə ölkədə rəqəmsal sistemlə yayımlanacaq kabel televiziyaları şəbəkəsi xidməti yaranacaq və 2008-ci ildə daha da genişləndiriləcək. Bu şəbəkədən istifadə kartla olacaq". Onun sözlərinə görə, MTRŞ kabel televiziyaların aylıq abunə haqqının 9-10 manat (10-12 dollar) çərçivəsində olmasında maraqlıdır. Cənab Məhərrəmli ANS teleradiosunun tezliyi ilə bağlı iki dəfə müsabiqə elan edilməsinə baxmayaraq ANS-in özündən başqa ikinci iddiaçı iştirak etmədiyini deyib. «MTRŞ hesab edir ki, belə hal uzun müddət davam edə bilməz və aprelin 27-də məsələyə baxılıb qərar qəbul ediləcək. Hesab edirəm ki, MTRŞ demokratiya və hüquqi dövlət quruculuğu istiqamətində düzgün bir qərar qəbul edəcək".
XS
SM
MD
LG