Accessibility links

Enn Dersi: 'Bir çox azərbaycanlı mənə radioların qayıdacağı ilə bağlı ümidini bildirib'


Əksər azərbaycanlılar mənə Amerikanın səsi, Azadlıq və BBC radiolarının qayıdacağı ilə bağlı ümidlərini bildiriblər. Bu radiolar 2009-cu ilin yanvarından Azərbaycanda FM dalğasında fəaliyyəti dayandırılıb. Hazırda ABŞ bu istiqamətdə yaranmış hüquqi məsələnin həlli üçün fəaliyyətini davam etdirir.

Bu barədə Amerikanın Azərbaycandakı səfiri Enn Dersi “Amerikanın səsi” radiosunun sualının cavabında bildirib.

Səfir çoxsaylı dostları və həmkarlarının “Amerikanın səsi”, “Azadlıq” və həmçinin BBC-nin FM tezliyində yayımının dayandırılması səbəbindən müəyyən məlumat mənbələrindən məhrum olduğunu bildirib.

“Bu insanlar ABŞ-la saziş imzalanacağına və ümumi razılığa gəlinəcəyinə çox böyük ümidlər bəsləyir. Biz belə başa düşürük ki, yaranmış problem daxili, Azərbaycanın qanunvericiliyinə aid olan hüquqi bir məsələdir. Düşünürük ki, məsələ iki dövlət arasında bağlanacaq sazişlə həll edilə bilər”.

Xanım Dersi ABŞ tərəfinin artıq təkliflərini Azərbaycan hökumətinə təqdim etdiyini deyib.

“Təkliflərdə radioların FM tezliyində və “Amerikanın səsi” televiziyasının yerli televiziyada yayımının davam etdirilməsi əksini tapır. Hazırda Azərbaycan hökumətindən təkliflərə cavab gözləyirik. Düşünürəm ki, məsələnin həlli ilə bağlı konstruktiv və müsbət olan həll yolu tapdığımız halda, bu bizim üçün çox ciddi bir siqnal ola bilər.”

Səfir RƏM sistemləri ilə bağlı ABŞ-ın mövqeyinə də toxunub. “Cənab Obama Raket Əleyhinə Sistemlərin yaradılması ilə bağlı siyasətin yenidən nəzərdən keçirildiyini bildirib.

Bu zaman müxtəlif amillər nəzərə alınacaq. Amillərdən biri sistemin işlək olub-olmaması, xərclərə uyğun gəlib-gəlməməsi və eyni zamanda, İrandan olan təhdidlərin mövcud olub-olmaması məsələləridir.

Tam təbiidir ki, raketlər əleyhinə olan sistemlərin yerləşdirilməsi istiqamətində fəaliyyət göstərdiyimiz zaman Polşa, Çexiya və NATO-da olan tərəfdaşlarımızla əməkdaşlıq və məşvərət şəklində birgə işləyəcəyik.

Bu səpkidə fəaliyyət apardığımız və bəyanatlar verdiyimiz zaman qeyd etmişik ki, Rusiya Federasiyası ilə əməkdaşlıq etmək istərdik və müəyyən əməkdaşlıq istiqamətlərini nəzərdən keçirmək istəyərdik”.

O, Qəbələ RLS-lə bağlı məsələdən də danışıb. “Biz bilirik ki, bu Azərbaycana məxsus obyektdir. Azərbaycanın proseslərə cəlb olunmadığı təqdirdə bu obyektdən yararlanmaq mümkün deyil. Təbii ki, Azərbaycanla da bu istiqamətdə müzakirələr aparılmalıdır”, - deyə o qeyd edib.
Uydurma erməni problemi ilə bağlı Amerikada aparılan müzakirələrlə bağlı suala cavab verən Enn Dersi deyib ki, “bizim bu faciəli hadisələrə münasibətimiz olduğu kimi qalır. Görək parlament və siyasi partiyalar necə qərar qəbul edəcək”.

Onun dediyinə görə, uzun müddətdir ki, ABŞ-ın mövqeyi bu hadisələrlə bağlı məsələlərin tarixi cəhətdən nəzərdən keçirilməsindən, tarixi prizmadan baxılmasından ibarətdir.“Düşünmürəm ki, bu məsələlər qanunvericilik aktları tərəfindən nəzərdən keçirilməlidir” -deyə o qeyd edib
XS
SM
MD
LG