Accessibility links

Bakıda Əfqanistanla bağli keçirilən konfrans yekunlaşdı


Bakıda keçirilən konfransın çox yaxşı nəticələri var, yaxşı danışıqlar aparılıb. İnanıram ki, bu danışıqlar nəticəsində müəyyən malların alınması, Əfqanıstana çatdırılması üzrə razılaşmalar və fəaliyyət həyata keçiriləcək.

İki günlük konfrans əsasən Əfqanıstandakı silahlı qüvvələrin təminat və təchizatını təşkil edən xidmətlərin yaxşılaşdırılmasına yönəlib. Əfqanıstan ABŞ, NATO və ümumilikdə dünya üçün prioritet istiqamətdir.

Bu barədə ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson Bakıda keçirilən iki günlük konfransın yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ABŞ Əfqanıstanda sülhün və sabitliyin yaranmasında Azərbaycanı özünə önəmli və etibarlı tərəfdaş hesab edir.

“Azərbaycan uzun müddətdir şərqlə qərb arasında körpü rolunu oynayır. Azərbaycan malların, fikirlərin, xidmətlərin nəqli üçün çox təbii bir nöqtədir. Ona görə biz burada görüşüb Əfqanıstandakı koalisiya qüvvələri üçün malların alınmasının, təmin olunmasının müxtəlif münasib yollarının axtarışı ilə məşğuluq.”

O suallara cavabda bildirib ki, hələlik Cənubi Qafqaz dəhlizi ilə Əfqanıstana malların alınması və çatdırılması məsələləri danışıqlar səviyyəsindədir.

“Biz Əfqanıstana malların təchizatı və təminatı üçün müxtəlif yolları araşdırır və razılaşdırırıq. Nəticələr araşdırıldıqdan sonra müəyyən razılaşdırmalar olacaq. Müxtəlif yollarda müxtəlif problemlər ortaya çıxır. Məsələn, Pakistan vasitəsi ilə çatdırmada müəyyən problemlər var. Ona görə də ABŞ Əfqanıstan xalqına dəstək vermək üçün müxtəlif yolları, müxtəlif variantları araşdırır”.

Cənab Devidson Manas bazası bağlanandan sonra Azərbaycanda hərbi baza yaradılması mümkünlüyü ilə bağlı sualın cavabında deyib ki, Manas bazasından istifadəni davam etdirmək üçün Qırğız hökuməti ilə danışıqlar davam etdirilir.

“Əfqanıstandakı əməliyyatlar zamanı Manas bazası çox böyük rol oynayıb. Buna görə də Manas bazası bağlanarsa hərbçilər, təminat və təchizat məsələləri ilə məşğul olanlar müxtəlif variantları yoxlayır. Lakin hələlik Azərbaycanda bu yeni mərhələyə keçilməsi ilə bağlı danışıqlar aparmaq çox erkəndir. Bakı konfransı daha çox təminat qatarının, təminat yollarının araşdırılmasına həsr edilib və burada Manas kimi hərbi bazanın yaradılmasından söhbət getmir”.

O Bakı konfransında silah-sursatın daşınması məsələlərinin müzakirə edilmədiyini bir daha vurğulayıb.

“Burada yalnız qeyri-hərbi yüklər müzakirə edilib. Hərbi əməliyyatlara dəstək vermək üçün təchizatdan, - su, qida məhsullarından, tikinti materiallarından və başqa məhsullardan söhbət gedir. Bu kimi malların müxtəlif yaxın ölkələrdən alınıb Əfqanıstana göndərilməsi müzakirə edilir”.

Şöbə rəhbərinin fikrincə, məsələlər ABŞ-ın istədiyi məcrada inkişaf edərsə Azərbaycan iş adamları üçün də faydalı olacaq.

“Azərbaycanlı iş adamları Gürcüstan və Türkiyə ilə əməkdaşlıq edərək müəyyən malların təminatını həyata keçirəcək. Təbii ki, bu həm də yerli biznesin inkişafına təkan verəcək”-deyə o qeyd edib.

XS
SM
MD
LG