Accessibility links

Azərbaycanın «Turan» İnformasiya Agentliyi «Şərqi Avropanın azad mətbuatı» mükafatını alıb


Azərbaycanın «Turan» İnformasiya Agentilyi Almaniyanın Nerd Butserius və Norveçin "Azad söz" Fondunun təsis etdiyi «Şərqi Avropanın azad mətbuatı» mükafatına layiq görülüb. Bu günlərdə Norveçin paytaxtı Oslo şəhərində Nobel institutunda mükafat agentliyin direktoru Mehman Əliyevə təqdim olunub.

Cənab Əliyev «Amerikanın səsi» radiosuna müsahibəsində bildirib ki, mükafat söz azadlığı uğrunda mübarizə aparan, profesionallıq nümyaiş etdirən mətbuat orqanlarına dəstək məqsədilə verilir. Norveçin «Söz Azadlığı» İnstitutunun rəhbəri Frensis Seyersted bildirib ki, söz azadlığına riayət olunmursa, onda bu azadlıq mənasızdır: «Mükafatçıların ölkələrində söz azadlığı kobud şəkildə pozulur. Bu sonda məhvə məhkum olan avtoritar rejimlərə xasdır. Qapalı cəmiyyətə dönmək istəyən qüvvələr var, və siz o insanlarsınız ki, buna qarşı çıxırsınız. Biz sizin söz azadlığı uğrunda fədakarlığınız qarşısında baş əyirik".

Nerd Butserius fondunun vitse-prezidenti Makus Baumans deyib ki, mükafatlar siyasi dəstəyin rəmzi və söz azadlığı uğrunda fəaliyyətin yüksək dəyərləndirilməsinin göstəricisidir. «Mükafat hər il Şərqi Avropanın və Rusiyanın bir neçə jurnalistinə və KİV-inə verilir. Mükafatın təsis olunduğu 8 ildə ilk dəfədir ki, Azərbaycan mətbuatına təqdim edilir».

Rusiyanın müxalif Sağçı Qüvvələr İttifaqı partiyasının liderlərindən olan Boris Nemsov həqiqəti deyənlərin düşmən kimi qələmə verildiyi ölkələrdə sözün düzünü deməyin nə olduğunu yaxşı başa düşdüyünü bildirib. "Biz yaxşı bilirik ki, bugünkü mükafatçılar güclü qəlbə və möhkəm iradəyə malik olan cəsarətli insanlardır». «Turan» İnformasiya Agentilyinin direktoru isə Azərbaycanda mətbuat azadlığı sahəsində durumun çox ağır olduğunu deyir.

Onun sözlərinə görə, bu günlərdə iqtidarda olan «Yeni Azərbaycan» partiyasının mətbuatla dialoq mövzusunda keçirldiyi dəyirmi masa da çıxış yolunu aramayıb. Cənab Əliyevin fikrincə, mətbuatın ağır durumunun yaxşılaşdırılması üçün yollar var. O bununla bağlı hökumət qarşısında təkliflər paketi ilə çıxış edıb. «Turan»ın direktoru mətbuatın iqtisadi durumunun yaxşılaşdırılması üçün Türkiyə variantının tətbiqini məqbul sayır. Onun fikrincə, gəlir vercisinin bir faizi reklam və elan şəklində çap mətbuatına verilməlidir. Cənab Əliyev hesab edir ki, ölkədə daimi nəşr olunan 150 qəzetin həm keyfiyyətini, həm də iqtisadi durumunu yaxşılaşdırmaq mümkündür. O, eyni zamanda, mətbuatın işi ilə bağlı məşğul olacaq ixtisaslaşmış məhkəmə və hakimlərə də eyhtiyac duyulduğunu bildirib. Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söz və mətbuat azadlığının ölkədə təmin olunduğunu deyib. Bununla yanaşı, o hökumətin mətbuatın problemlərini həll etmək üçün düşündüyünü bildirib.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG