Accessibility links

Azərbaycanla Türkmənistan arasında sazişlər imzalandı


Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistana iki günlük səfəri başlayıb. İki ölkə arasında Bakı və Türkmənbaşı limanları vasitəsilə birbaşa beynəlxalq dəmir yolu - bərə əlaqəsinin təşkili, təhsil sahəsində əməkdaşlıq, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyası haqqında sazişlər imzalanıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Türkmənistan arasında siyasi münasibətlərin fəallaşması və möhkəmlənməsi bütün sahələrdə əlaqələrin genişlənməsinə təkan verib. ”Xəzər regionunda nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.

Türkmənistan və Azərbaycan enerji təhlükəsizliklərini tam təmin edib və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır”.

Prezident Qurbanqulu Berdımuhəmmədov hesab edir ki, Türkmənistan və Azərbaycan regional və transkontinental layihələrdə önəmli rol oynaya bilər. Onun sözlərinə görə, iki ölkə arasında ticarət-iqtisadi, nəqliyyat, energetika, humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial var. “Bu ilin on ayında ticarət dövriyyəsinin iki dəfə artması bunun əyani sübutudur. Türkmənistan və Azərbaycan enerji resurslarının dünya bazarlarına çıxarılması yollarının şaxələndirilməsi siyasəti üzrə də eyni fikri bölüşür”.

Cənab Berdimuhımmədovun dediyinə görə, danışıqların əsas mövzularından biri də “sülh və sabitlik dənizi kimi qalmalı olan Xəzər dənizinin statusu” məsələsi olub. Lakin prezidentlər Xəzərdə mübahisəli yataqlarla bağlı məsələyə aydınlıq gətirməyib. Türkmənistan prezidenti bu yataqların mənimsənməsi haqda “ümumi fikir var”, - deməklə kifayətlənib.

Sabah isə Türkmənistanda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri arasında üçtərəfli görüş olacaq. Görüşdə əsasən Nabucco layihəsi müzakirə olunacaq. Bu layihə Türkmənistan qazının Rusiyadan yan keçməklə Avropaya çatdırılmasını nəzərdə tutur.

Enerji resursları ilə zəngin olan Türkmənistanın Avropa enerji bazarına inteqrasiyada maraqlı olması ekspertlər tərəfindən də müsbət qarşılanır. Onlar hesab edir ki, son dövrlər iki ölkə arasında yaranan xoş münasibətlər regionda sabitliyin artmasına, mübahisəli məsələlərin həllinə təkan verəcək.

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, dialoq iki dövlət arasında uzun müddət mübahisəli qalan “Kəpəz” yatağının işlənməsinə töhfə verə bilər.

Ekspert hesab edir ki. dəmiryolu bərə xəttinin bərpası və gələcəkdə Nabucco kəmərinin çəkilməsi qərblə Orta Asiya ölkələrinin əməkdaşlığına ciddi təkan verəcək. Bu Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatdıqdan sona daha böyük həcmli yüklərin daşınmasına şərait yaradacaq.

Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclunun qənaətincə, iki ölkə münasibətlərinin perspektivi Nabucco layihəsinin perspektivindən asılı olacaq. Onun fikrincə, Azərbaycan prezidentinin İtaliya səfərindən dərhal sonra Türkmənistana səfər etməsi və orada Türkiyə prezidentinin iştirakı ilə görüşün keçirilməsi Azərbaycanın vasitəçilik rolundan xəbər verir.

Ekspert hesab edir ki. iki dövlət arasında münasibətlərin genişlənməsi Xəzərin hüquqi statusu ilə bağlı həm Türkmənistanla Azərbaycan, həm də Qazaxıstan arasında ikitərəfli Sazişlərin bağlanmasına yol aça bilər.

Cənab Oruclu güman edir ki, Xəzərdə Azərbaycan-Qazaxıstan-Türkmənistan üçbucağının yaranmasının regionun digər iki güclü dövləti olan Rusiya və İranın siyasi təzyiqlərinin güclənməsinə səbəb olacaq. Onun fikrincə, bu ilin yayındakı Rusiya-Gürcüstan böhranı da nəzərə alınmaqla Xəzər ziddiyyətləri ilə seçilən mürəkkəb regiondur.


XS
SM
MD
LG