Accessibility links

Bakıda enerji təhlükəsizliyi müzakirə edilib


Bakıda NATO-nun Avro-Atlantik Tərəfdaşlıq Şurası çərçivəsində “Enerji təhlükəsizliyi: çağırışlar və yeni imkanlar” mövzusunda iki günlük seminar keçirilir. Seminarda NATO-ya üzv və tərəfdaş dövlətlərin nümayəndələri təmsil olunur.
NATO-nun enerji təhlükəsizliyi ilə bağlı prioritetləri, istehsalçı, tranzit və istehlakçı ölkələrin qarşılıqlı əməkdaşlığı və təhlükəsizliyi məsələləri diqqət mərkəzində olub.
NATO-nun Müdafiə və İqtisadi Təhlükəsizlik Departamentinin başçısı Maykl Qaul bildirib ki, artıq NATO-nun enerji təhlükəsizliyi ilə bağlı mövqeyi formalaşıb. “Bu mövqe istehsalçı, tranzit və istehlakçı ölkələrin beynəlxalq əməkdaşlığı üçün əsasdır”.
O, eyni zamanda, dünyada yaxın 30 ildə enerjiyə tələbatın artmaqda davam edəcəyini deyib. “Bu baxımdan enerji təhlükəsizliyi NATO üçün mühüm əhəmiyyət daşıyır. Terrorçuluq, münaqişələr, piratçılıq, nüvə proqramları enerji təhlükəsizliyində mühüm çətinliklər yaradır. Bu çətinliklərin çoxu hərbi təhlükələrlə bağlıdır”.
Seminarda enerji axınının dayandırılmasının ölkələrin milli təhlükəsizliyi və insanların şəxsi təhlükəsizliyinə problemlər yaratdığı da diqqətə çatdırılıb. “Rusiya-Ukrayna münasibətlərindəki gərginlik, Somali dəniz quldurları ölkələrin enerji axınında fasilələrə səbəb olur. Bu isə enerji daşımalarının şaxələndirilməsini zəruri edir. Bu baxımdan, Cənub Dəhlizi və Nabucco layihələrinin reallaşdırılması mühüm əhəmiyyət kəsb edir”, - deyə cənab Qaul qeyd edib.
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov NATO-nun enerji təhlükəsizliyinə önəm verməsini mühüm adlandırıb. Onun fikrincə, NATO-nun enerji təhlükəsizliyi ilə bağlı mövqeyi müəyyənləşdirilsə də, bəzi sahələrdə dəqiqləşdirmələr və müzakirələrin davamı vacibdir.
“İstehlakçı, tranzit və istehsalçı ölkələr arasında qarşılıqlı maraqlar bəzən siyasi maraqları gücləndirir. Enerji təhlükəsizliyi hərbi müdaxilələrə yol açmamalıdır. Bu səbəbdən də NATO-ya üzv və tərəfdaş ölkələr arasında qarşılıqlı əminlik məsələləri müzakirə edilib həllini tapmalıdır”.
Kəmərlərin və enerji mənbələrinin, dənizdə və quruda daşımaların təhlükəsizliyi məsələlərinə də çıxışlarda önəm verilib. “Davamlı axının təmin edilməsi üçün təhlükəsizlik məsələləri həllini tapmalıdır. Bunun üçün NATO-ya üzv və tərəfdaş ölkələrin birgə təlim mərkəzini yarada bilərik”, -deyə cənab Əzimov bildirib.
Forumda alternativ enerji və nüvə enerjisi ilə bağlı əməkdaşlıq məsələlərinə də toxunulub. Azərbaycan bu sahədə intellektual və praktik cəhətdən töhfə verməyə hazır olduğunu bəyan edib.
Natiqlər Azərbaycanın enerji təhlükəsizliyində istehlakçı və tranzit ölkə kimi önəmini qeyd edib. Bu ölkənin gələcəkdə Avropanın enerji təhlükəsizliyində daha vacib rolunun ortaya çıxacağını bildiriblər. “Azərbaycan Avropanın enerji təhlükəsizliyində münbit və mühüm ölkədir. Azərbaycanın balanslı və konstruktiv əməkdaşlığı NATO və alyans üçün çox qiymətlidir. Azərbaycan NATO-nun Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır”, - deyə Rumıniya Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə dövlət katibi Boqdan Auresku qeyd edib.
Enerjinin tranzitində Türkiyənin roluna toxunulub. Türkiyə enerjinin Avropaya axıdılmasında ən stabil ölkədir. Türkiyə Xarici İşlər nazirliyinin enerji, su və ekologoiya departamentinin müdir müavini Vural Altay bildirib ki, NATO-nun enerji təhlükəsizliyi konsepsiyası üzv və tərəfdaş ölkələrin milli təhlükəsizlik mexanizmlərini tamamlamalıdır. “Terror, hərbi təhlükə enerji daşıyıcılarına, mədəni irsə, ekologiyaya ciddi təhlükələrdir. Bu problemlərin qarşısının alınması da NATO-nun enerji təhlükəsizliyi konsepsiyasına daxil edilməlidir”.

XS
SM
MD
LG