Accessibility links

Mikloş Xaraşti: Azərbaycanda mətbuatın vəziyyəti narahatlıq doğurur


ATƏT-n mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Xaraşti Azərbaycana üç günlük səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. O səfər zamanı jurnalist təşkilatları, həbsdə olan jurnalistlər, “Azadlıq” qəzetinin bıçaqlanmış müxdiri Aqil Xəlil, ATƏT ölkələrinin səfirləri və hökumət rəsmiləri ilə görüşüb. Xüsusi nümayəndənin fikrincə, Azərbaycanda həm hökumət, həm də müstəqil mətbuatın vəziyyəti narahatlıq doğurur. O mediaya, hüquq-mühafizə orqanlarına və hökumətə çağırışlarının olduğunu bildirib. “Jurnalist etikasına və mətbuatın özünütənzimləmə prinsipinə zidd olaraq səfərim dövründə jurnalistlərdən birinə qarşı aparılan biabırçı kampaniyanı dövlət televiziyasında seyr etdim. Mərkəzdən idarə edilən bir filmi Azərbaycan televiziyası qabaqcadan redaktə edərək efirə verib. Həmin media bu yalançı məlumatları yoxlamadan efirə verib və qarşı tərəfin fikrini çatdırmaq üçün imkan yaratmayıb. Mən həmin televiziyaları belə hərəkətləri dayandırmağa çağırıram. Bu qeyri-qanunidir. Qanunun aliliyi olan ölkələrdə belə hadisə baş verməməlidir. Bu həm şəxsi toxunulmazlıq hüququnun pozulması, həm də jurnalist etik davranış qaydalarının pozulmasıdır”. Cənab Xaraşti “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlillə bağlı baş verənlərdən də danışıb. Onun sözlərinə görə, “Zeytun bağı”nın kəsilməsini lentə alan gənc jurnalist Aqil Xəlil təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən döyülüb. “Baş Prokurorun məlumatına görə bu insanlar cənab Çodarov və cənab Allahverdiyevdir. Təbii ki, Aqil Xəlilin şəkil çəkib aradan çıxa bilməsi bu insanların xoşlarına gəlməyib. Çox təəssüf ki, baş prokuror bu insanlar haqqında hələ bir tədbir görülmədiyini dedi. Bundan başqa, Aqil Xəlil mülki geyimli şəxslər tərəfindən gecə-gündüz izlənib və həyatını təhlükəyə salan telefon zəngləri alıb. Nəhayət bunun sonunda onun həyatına sui-qəsd cəhdi olub. Yekunda belə böhtan və şər kampaniyasının şahidi olduq. Baş prokuror bu filmin onun sifarişi ilə efirə verildiyini bildirdi və onun dediyinə görə, qatil günahı efirdə boynuna alıb. Biz bu filmi izlədik”. Xüsusi nümayəndə Aqil Xəlilin valideynləri ilə də görüşüb. “Onlar söylədi ki, Kürdəmirdə onlara müstəntiq Əli Quliyev baş çəkib. Müstəntiq jurnalistin vəziyyətdən çıxması üçün üç şərt qoyub. Aqil Xəlil isə iki cinayətin qurbanıdır. Müstəntiq valideynlərə deyib ki, şərtlərdən birini qəbul etməsə oğullarının seksual azlığa aid olması ilə bağlı film efirə gedəcək. Şərtlərdən biri, jurnalistin iş yoldaşları tərəfindən bıçaqlanması, digəri özü-özünü bıçaqlaması, üçüncü isə polisə verdiyi şikayəti geri götürmək əvəzində pul əldə etməsi olub”. Xüsusi nümayəndə ikinci çağırışının çox qorxunc və dəhşətli cərəyana təsadüf etdiyini bildirib. “Tənqidi və ya korrupsiya mövzusunda araşdırma aparan jurnalistləri jurnalistikaya aid olmayan iddialarla ittiham edirlər. Həmin jurnalistlər Eynulla Fətullayev kimi terrorçu, vergidən yayınma, Qənimət Zahid kimi xuliqanlıq və Mirzə Sakit kimi narkotik iddiası ilə ittiham olunur. Eyni ilə də Aqil Xəlil kimi cinayət tərkibli təbliğat kampaniyasının qurbanı olur”. O hökuməti tənqidi və araşdırma aparan jurnalistlərə qarşı saxta işlərin qurulmasını dayandırmağa çağırıb. “Azərbaycan ATƏT-in 20-dən çox ölkəsi kimi bir müddət əvvəl elə rejimdə yaşayıb ki, hüquq mühafizə orqanları rejimin xoşuna gəlməyən adamlara qarşı istifadə olunub. Həmin hüquq mühafizə orqanlarının demokratik Azərbaycanda da bu rolu həyata keçirməsi çox təəssüf doğurardı”. Cənab Xaraşti baş prokurorla Elmar Hüseynovun qətlinin istintaqı ilə bağlı da uzun danışıb. “Üç il ötsə də hələ də jurnalisti kimin öldürməsini bilmirik. İndiki halda da dövlət hüquq mühafizə orqanlarının yüksək rəsmilərinin ziddiyyətinə görə bir jurnalistə qarşı belə iş aparılır. Əslində hüquq mühafizə orqanlarının vəzifəsi jurnalistləri qorumaq, özləri tərəfindən yaradılan dumanın çəkilməsinə kömək etməkdir. Aqil Xəlil məsələsi digər qurbanların vəziyyətini unutmağa xidmət edir. Cənab Baş Prokuroru çağırıram ki, məsələ ilə yaxından məşğul olsun. Şəxsi toxunulmazlıq hüququnun pozulması ilə bağlı cinayət işi açılsın və müstəntiqin işi araşdırılsın. Hansı hüquq mühafizə orqanları ki, saxta iş açırlar onlara qarşı iş açılmalıdır”.
XS
SM
MD
LG