Accessibility links

Elmar Məmmədyarov: «Azərbaycan-ABŞ hərbi-siyasi əməkdaşlığı çox yüksək səviyyədədir»


- Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsi, prezident İlham Əliyevin ABŞ-a səfərindən sonrakı dövr nə ilə xarakterikdir? Sizin ABŞ-a səfəriniz zamanı əsasən hansı məsələlər müzakirə olunacaq?
- Prezident İlham Əliyev ABŞ-a səfəri zamanı Xarici Əlaqələr Şurasında çıxış edərək özü qeyd etmişdir ki, Azərbaycan üçün ABŞ-la münasibətlər strateji xarakter daşıyır. Strateji münasibətlər 1994-cü ildə enerji məsələlərindən başlayaraq, sonradan təhlükəsizlik, iqtisadi, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, ölkəmizdə iqtisadi və siyasi islahatlar və regional məsələlər üzrə əməkdaşlığı özündə cəmləşdirmişdir. O, ümidvar olduğunu bildirmişdir ki, səfər bütün bu müsbət məqamları daha da inkişaf etdirəcək. Belə də oldu. Bütün qeyd olunan sahələrdə biz tutarlı irəliləyiş müşahidə edirik. Artıq Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəməri işə düşdü, Azərbaycan NATO ilə əməkdaşlıqda Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Planının birinci mərhələsini uğurla başa çatdırır, İqtisadi əlaqələr daha geniş sahələri əhatə edir və ölkəmizdəki islahatlar dövlətimizin regionda lider olmasını göstərir.

- Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında ABŞ-ın hazırki mövqeyi Azərbaycanı qane edirmi? Münaqişənin nizamlanmasında irəliləyiş baş verməsi üçün ABŞ daha hansı addıimları atmalıdır?
- ABŞ tərəfi bütün rəsmi bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünün tanıdığını bildirmişdir və bu da onların beynəlxalq hüquq normalarına hörmətlə yanaşmasının nümunəsidir. Münaqişənin nizamlanmasında irəliləyişə nail olmaq üçün ABŞ-dan ilk növbədə Ermənistana qeyd etdiyim mövqeyinin daha israrla bildirilməsi və münaqişənin həllinin yalnız həmin çərçivədə olacağına təkid etməsidir.

- ABŞ-ın İranla bağlı siyasəti Azərbaycan hökuməti tərəfindən dəstəklənirmi? İki ölkə arasındakı kəskin siyasi durum hərbi müstəviyə keçərsə Azərbaycan hansı mövqedə dayanacaq?
- Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır: biz regionumuzda heç bir yeni münaqişə görmək istəmirik və məsələlərin diplomatik yolla həllində israrlıyıq. Yerləşdiyimiz coğrafi məkan artıq mövcud münaqişələrdən o qədər əziyyət çəkib ki, yeni birisi fəlakətə apara bilər.

- ABŞ-Azərbaycan münasibətlərində Azərbaycanda demokratiyanın inişkişafı məsələsi əsas yerlərdən birini tutur? Ölkədə insan hüquqlarının vəziyyətinin pis olması ilə bağlı ABŞ Dövlət Departamentinin illik hesabatındakı məlumatları necə qiymətləndirirsiniz?
- Biz hesabatlarla hər il tanış oluruq və öz mövqeyimizi ABŞ rəsmilərinə bildiririk. Hesabatlarda bəzi məqamlar bizim üçün vacibdir ki, müəyyən sahələrdə fəaliyyətimizi fəallaşdıraq. Razı olmadığımız məqamlarda olur və var, onları da açıq şəkildə Dövlət Departamentinin nəzərinə çatdırırıq.

- ABŞ səfəriniz zamanı Transxəzər qaz kəməri məsələsi müzakirə mövzusu olacaqmı?
- Azərbaycan həm enerji istehsalçısı həm də tranzit ölkə kimi, regionun enerji qovşağıdır. Ölkəmiz enerji nəqlinin diversifikasiyasında aşağıdakı nöqteyi-nəzərdən əhəmiyyət kəsb edir: Bu region ölkələrinin inkişafına yardım edər; Ölkələri bir-birinə daha sıx bağlayar; Digər ölkələr üçün alternativ enerji mənbəyi yaradar.

- Azərbaycan və ABŞ beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparır. Azərbaycan sülhyaratma əmliyyatlarında iştirak edən sülməramlılırının sayını artırmaq fikrindədirmi?
- Biz terrorizmlə bu mübarizədə ABŞ-la birik və sülhməramlılarımız ABŞ qüvvələri ilə xidmət edir. Hazırda, önümüzdə olan missiyaları müvəffəqiyyətlə yerinə yetiririk və bu nöqteyi-nəzərdən kəskin say artımına ehtiyac görmürük.

- İki ölkə arasında hərbi-siyasi əməkdaşlığın inkişafı üçün daha hansı işlər görülməlidir?
- Hərbi-siyasi sahədə əməkdaşlığımız çox yüksək səviyyədədir və hazırkı templəri qoruyub saxlamaq lazımdır. Əngəllərdən danışsaq əgər, burada təbii ki, ABŞ Administrasiyasının arzuladığı əməkdaşlıq səviyyəsinin Konqresdə erməni lobbisi tərəfindən əngəllənməsini vurğulamalıyıq. Biz istərdik ki, Konqresdə hərbi yardım və, ümumiyyətlə, hərbi əməkdaşlıq məsələlərinə baxanda daxili siyasi məqamlar deyil, Azərbaycanın real imkanları və ABŞ-la münasibətlərinin statusu əsas götürülsün.

XS
SM
MD
LG