Accessibility links

Azərbaycanda iqtidar partiyası namizədinin qalib gələcəyini, müxalifət siyasi bloku isə seçkiləri boykot edəcəyini bildirir


Azərbaycanda prezident seçkiləri yaxınlaşdıqca siyasi həyatda fəallıq artır. Belə ki, artıq siyasi partiyalar arasında rəqabət artır, qarşılıqlı ittihamlar çoxalır. Bu gün iqtidarda olan YAP avqust ayında qurultay keçirəcəyini, siyasi partiyalar bloku "Azadlıq" isə seçkiləri boykot etdiyini bəyan edib.

YAP icra katibi Əli Əhmədov "Amerikanın səsi" radiosunun suallarının cavabında bildirib ki,

qurultayın əsas məsələsi prezident İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülməsidir.

O, "seçkilərdə YAP-ın namizədinin əsas rəqibi kim ola bilər?", - sualıma "İlham Əliyevin qarşısına çıxa biləcək rəqibin olmadığı fikrini ifadə etsəm, heç bir yeni söz demiş olmayacağam", cavabını verib. O hesab edir ki, Azərbaycan iqtidarı o qədər düzgün, dolğun, hamı tərəfindən dəstəklənən siyasət həyata keçirib ki, o səbəbdən də qarşıdan gələn prezident seçkilərində digər tərəfdən iqtidarın namizədinin qarşısına çıxa biləcək namizəd ortada yoxdur.

Boykot çağırışlarına münasibət bildirən icra katibi ölkədə seçkiləri boykot edə biləcək qüvvənin olmadığını deyib.

Öz növbəsində, "Azadlıq" siyasi bloku qarşıdakı prezident seçkilərini boykot etmək barədə qərar verib. AXCP sədri Əli Kərimli "Amerikanın səsi" radiosuna "Azadlıq" blokunun seçkilərin saxta keçiriləcəyini bütün cəmiyyətə dərk etdirmək niyyətində olduğunu bildirib.

Cənab Kərimli YAP icra katibinin seçkilərdə prezident İlham Əliyevin rəqibi olacaq siyasi liderin olmaması ilə bağlı fikrini də real saymır. Onun fikrincə, ilk demokratik seçki İlham Əliyevin hakimiyyətinin sonu ola bilər.

XS
SM
MD
LG