Accessibility links

Rasim Musabəyov: Türkiyənin maraqlarını nəzərə almaq və ondan dəstək ABŞ üçün vacibdir


ABŞ-ın Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin ekspertlərinin Obama administrasiyasına tövsiyələrini əhatə edən hesabatı açıqlanıb. Hesabatda deyilir ki, prezident Obamanın Türkiyəyə səfərə hazırlaşdığı bir vaxtda bu ölkənin önəmi daha da artıb.
Politoloq Rasim Musabəyov Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin ekspertlərinin tövsiyələri ilə bağlı “Amerikanın səsi” radiosuna müsahibə verib.

Sual: Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin ekspertlərinin Obama administrasiyasına tövsiyələrini necə qiymətləndirirsiniz? Bu Azərbaycan - Türkiyə münasibətlərinə, o cümlədən regiona hansı yenilik gətirə bilər?

Cavab: Kifayət qədər adekvat yanaşmadır. Türkiyə kiçik yox, bərabər tərəfdaşdır. Türkiyə azı Fransa, Almaniya, İtaliya kimi qüdrətli və vacib oyunçu səviyyəsində ABŞ tərəfindən nəzərə alınmalıdır. Sənəddə bu, tam hiss edilməsə də, hər halda ABŞ-ın Türkiyənin maraqlarını nəzərə alması və ondan dəstək gözləməsi vacib amildir. Məsələ, İraq əməliyyatı başlananda Türkiyənin həm narahatlığı, həm də maraqları nəzərə alınmalı idi. Bu edilmədi və Amerika əməliyyat boyu Türkiyənin dəstəyindən məhrum oldu. Belə amillər digər təşəbbüslərdə də nəzərə alınmalıdır. Hesabatda da bu yanaşma hiss olunur. Bu baxımdan, Qafqaza, o cümlədən Ermənistana münasibətdə Azərbaycanın narahatlıqlarının, faktiki olaraq zərər çəkən dövlət kimi maraqlarının nəzərə alınması da vacibdir.

Sual: Türkiyə regional münaqişələrin, həmçinin Yaxın Şərqdəki və Qafqazdakı münaqişələrin nizamlanması prosesində hansı rolu oynaya bilər?

Cavab: Türkiyə bu münaqişələrə münasibətdə stabilləşdirici qüvvə kimi çıxış edir. Yaxın Şərqdə münaqişələrin açıq, qanlı qarşıdurmaya keçməməsi üçün daim stabilizator rolunu üzərinə götürüb. Əvvəllər Türkiyənin mövqeyi daha çox İsrailə yaxın görünürdü. İndi isə Türkiyə İsrailə qarşı tənqidi mövqedən çıxış edir. Tənqidin arxasında isə vəziyyəti nəzarətə almaq, stabilləşdirmək və münaqişənin genişlənməsinin qarşısını almaq məqsədi durur. Bu müsbət amildir. ABŞ Yaxın Şərq və müsəlman ölkələri ilə bağlı siyasətinə düzəlişlər etmək fikrindədirsə, Türkiyənin bütün bu imkanlarından istifadə etməlidir. Qafqazda da Türkiyə stabilləşdirici qüvvə kimi çıxış edir. 2008-ci ilin avqustunda Gürcüstan olayları zamanı bu açıq göründü. Türkiyə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı Azərbaycanı müdafiə edirsə də, daim Azərbaycanı aktiv hərbi əməliyyatlara başlamaqdan sovuşdurur. Bu da stabilləşdirici mövqedir. Ancaq bu özlüyündə, Türkiyənin münaqişənin dondurulmuş vəziyyəti ilə barışması kimi başa düşülməməlidir. Türkiyənin səyləri ABŞ tərəfindən adekvat dəstək alarsa, ümumi proseslərə müsbət təsir göstərər.


Sual: Hesabatda Türkiyənin Azərbaycanla Ermənistan arasında vasitəçi rolu qeyd edilir. Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin həllində həlledici rolunu görürsünüzmü?

Cavab: Yox. Söhbət həlledici roldan getmir. Ancaq Türkiyəni kənarda saxlamaq qeyri-mümkündür. Türkiyə bilavasitə regiona bitişik dövlətdir. Azərbaycan Ermənistan münasibətləri hərbi müstəviyə keçərsə, baxmayaraq ki, Ermənistan Rusiya ilə müttəfiqdir, Türkiyə Azərbaycanı tək buraxmayacaq. Belə vəziyyət regionda vəziyyəti xeyli gərginləşdirə bilər. Bu baxımdan Türkiyənin mövqeyini, maraqlarını, gücünü və səylərini nəzərə almadan münaqişənin həllində irəliləyiş əldə etmək mümkün deyil.
Hazırda bir dialoq yaranıb. Bu dialoq çərçivəsində, o cümlədən Türkiyə Ermənistan münasibətlərinin normallaşdırılması fövqündə, Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət təsir göstərilməsi mümkündür. Amerika bu amili də nəzərə almalıdır.

Sual: Sənəddə Türkiyənin müsəlman dünyasında, o cümlədən türk dövlətləri üçün nümunəvi rolu qeyd edilir. Türkiyənin bu böyük regionda demokratiyanın inkişafı baxımından rolu nə ola bilər?

Cavab: İslam dünyası 45 dövləti əhatə edir. Müsəlman dövlətləri demokratik, modern yola çıxmaq uğrunda çarpışır. Bu yolda müsəlman dünyasında ən böyük nailiyyətə Türkiyə nail olub. Türkiyə örnək və nümunədir. Türkiyənin bu sahədə inkişafına dəstək, həm də müsəlman dünyasının və türk dünyasının inkişafına kömək deməkdir. Türkiyə demokratik dövlət imicini möhkəmləndirəcəksə, onun nümunəvi təsirləri də genişlənəcək.


Sual: Regionda iqtisadiyyatın, azad ticarətin inkişafında Türkiyənin hansı rolu var?

Cavab: İqtisadi cəhətdən Türkiyə güclü dövlətdir. Onun ümumi daxili məhsulu 750 milyard dolları keçib. Ticarət dövriyyəsi 200 milyard dolları aşıb. Bu mənada iqtisadi və ticarət sahəsində bölgəyə, o cümlədən Yaxın Şərqə təsirləri böyükdür. Amerika və Avropa Birliyinə daxil olan ölkələr Türkiyənin rəqabət qabiliyyətinin yüksəldilməsinə kömək olarsa, bundan bütün tərəflər uda bilər. Türkiyə biznesi müsəlman və türk dünyasında qərbin ümumi maraqlarını, modernləşməyə, yeni texnologiyaların qurulmasına, sənayeləşdirməyə, ticarət əlaqələrinin qurulmasında aparıcı qüvvə kimi çıxış edə bilər.
Sual: Türkiyə Amerika-İran münasibətlərinin gələcək inkişaf perspektivlərində hansı rol oynaya bilər?
Cavab: İran da böyük dövlətdir. İnanmıram ki, İran ABŞ və qərblə Türkiyə vasitəsi ilə münasibətlər qurmağa meylli olsun. Amma, Türkiyə İranla həmsərhəd dövlətdir və bu dövlətin təhlükəsizliyi ilə bağlı narahatlıqları var. Ümumi gərginliyin aşağı salınaraq dialoqun davam etdirilməsində Türkiyə tərəflərə kömək edə bilər. Qabarıq şəkildə olmasa da pərdə arxası diplomatik addımlarla Türkiyənin prosesin irəli aparılmasına ciddi təsirləri mümkündür.

XS
SM
MD
LG