Accessibility links

Azərbaycanda müxalif «Yeni Fikir» Gənclər Təşkilatının rəhbərlərinə hökm oxunub  


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ötən il parlament seçkiləri qabağı həbs edilmiş müxalifyönümlü “Yeni Fikir” Gənclər Təşkilatının rəhbərlərinə hökm oxunub. Məhkəmənin hökmü ilə “Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirli 7 il, müavini Ramin Tağıyev 4 il azadlıqdan məhrum edilib. Sədrin digər müavini Səid Nuriyə isə səhhətindəki problemlər nəzərə alınmaqla 5 il şərti cəza verilib. Hər üç gənc Cinayət Məcəlləsinin hakimiyyəti zorla ələ keçirmə maddəsi ilə ittiham olunub. Məhkəmənin hökmü geniş reaksiyalara səbəb olub. Çoxsaylı hüquq-müdafiə təşkilatı, siyasi partiyalar, beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklər bəyanatlarla çıxışı edib. Müxalifətdə olan AXCP hesab edir ki, Azərbaycan hakimiyyəti məhkəmələrdən siyasi opponentlərini təqib etmək və qisas almaq üçün istifadə edir. "Bu üsullarla hakimiyyət gəncləri qorxutmaq, demokratiya uğrunda mübarizədən çəkindirmək istəyir». ABŞ-ın Bakıdakı səfirliyinin məlumatında isə deyilir ki, qanun qarşısında bərabər müdafiə hüququ, günahsızlıq prezumsiyası, qərəzsiz mühakimə demokratik cəmiyyətlərin fundamental prinsipidir. «"Yeni fikir" təşkilatının fəalları üzərində keçirilən məhkəmədə bu prinsipə əməl olunmaması Amerika səfirliyində narahatlıq doğurur. Biz Azərbaycan hökumətini ədalətli mühakimənin yüksək standartlarına və insan hüquqlarına riyayət etməyə çağırırıq». Böyük Britaniyanın səfirliyi də hakimiyyəti Azərbaycan Konstitusiyasına və qanunun aliliyinin təmin edilməsi üçün apellyasiya şikayətlərinə baxılmasını və müttəhimlərin ədalətli proses hüququna əməl olunmasını təmin etməsini vacib sayır. ATƏT-in Bakı ofisi məhkəmənin qərarını narahatlıqla qarşılayıb. "Vəkillərin iştirakı olmadan çıxarılan hökm olduqca sərt və qeyri-adekvatdır, prosesin özü isə beynəlxalq standartlara uyğun deyil. ATƏT narahatdır ki, böyük hissəsi videoçəkilişin üzərində qurulan prosesin əsas elementləri kifayət qədər şəffaf və obyektiv olmayıb, beynəlxalq öhdəliklərə və milli qanunvericiliyə uyğun gəlməyib. ATƏT Azərbaycan hökumətini təhqiqat zamanı şəxsiyyət hüququnun bərpası üçün "təcili tədbirlər" görməyə və təhqiqatı qanuna uyğun aparmağa çağırır». İndi isə məhkəmə hökmü ilə beş il şərti olaraq azadlıqdan məhrum edilmiş «Yeni Fikir» Gənclər Təşkilatının sədr müavini Səid Nurii «Amerikanın səsi» radiosuna müsahibəsində məhkəmənin hökmünü ədalətsiz adlandırıb. İqtidarda olan «Yeni Azərbaycan» partiyasının Gənclər Təşkilatının sədri Ramil Həsənov məhkəmənitn siyasi sifarişli olması ilə bağlı fikirlərin əlyehinədir. Onun qənaətincə, məhkəmə cinayət faktına qiymət verib.
XS
SM
MD
LG