Accessibility links

Odessa-Brodı neft kəməri yaxın vaxtlarda texnoloji neftlə doldurulacaq


Ukrayna prezidenti Viktor Yuşşenko Bakıya bir günlük

işgüzar səfərə gəlib.

Azərbaycan və Ukrayna prezidentləri əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirib.

Turan agentliyinin məlumatına görə, Ukrayna prezidenti Azərbaycanla birgə həyata keçirəcəyi energetika layihələrində irəliləyişlərin olduğunu deyib. "Mən energetika layihələrinin irəliləməsindən, praktik müstəviyə keçməsindən razıyam" - deyə dövlət başçısı qeyd edib.

Cənab Yuşşenko ümumilikdə ikitərəfli münasibətləri müsbət qiymətləndirib və bu münasibətlər üçün bir çox məsələlər üzrə irəliləyişlərin səciyyəvi olduğunu bildirib.

Azərbaycan prezidenti isə ikitərəfli əlaqələrin intensivliyini qeyd edib və bu ilin mayında Ukraynaya səfərini xatırladıb.

Cənab Əliyevin sözlərinə görə, gündəlikdə duran ikitərəfli münasibətlər məsələlərini hər iki dövlətin milli maraqlarına uyğun razılaşdırmaq mümkün olur.

Cənab Yuşşenko bu gün Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılış mərasimində iştirak edəcək, Ukrayna səfirliyinin və səfirliyin əməkdaşları üçün yaşayış binalarının inşa ediləcəyi yerə baxış keçirəcək. Ukrayna prezidenti "Azərbaycanda Ukrayna Mədəniyyət Günləri"nin rəsmi açılış mərasimində də iştirak edəcək.

"Odessa-Brodı neft kəməri yaxın vaxtlarda texnoloji neftlə doldurulacaq. Bu barədə danışıqların yekunlarına həsr olunmuş birgə mətbuat konfransında Ukrayna və Azərbaycan prezidentləri bildirib. "Yaxın vaxtlarda biz layihəni təcrübədə sınaqdan keçirmək üçün neft nəqlinə başlayacağıq", - deyə cənab Əliyev bildirib.

Öz növbəsində, cənab Yuşşenko qeyd edib ki, Xəzər neftinin Odessa-Brodı neft kəməri ilə Avropa İttifaqına nəqli layihəsi üzrə bütün razılıqlar, o cümlədən, bu neft kəməri ilə texnoloji neftin nəqli haqqında razılaşmalara riayət olunur. "Hər iki tərəf, o cümlədən birgə "Sarmatiya" müəssisəsi əvvəlki görüşlər zamanı əldə olunmuş razılaşmaların reallaşması çərçivəsində irəliləyir. Dövlət səviyyəsində bu məsələlərdə heç bir problem yoxdur".

Azərbaycan prezidenti əlavə edib ki, layihənin reallaşmasında son vaxtlar əhəmiyyətli irəliləyiş əldə olunub. İndi onun tam texniki-iqtisadi əsaslandırması hazırlanır, bu, layihənin kommersiya cəhətdən cəlbediciliyi haqqında tam təsəvvür yaratmalıdır. O qeyd edib ki, neftin texniki nəqli layihənin perspektivləri haqqında tam təsəvvür yaradacaq. "Yaxın vaxtlarda, texniki məsələlər, xüsusən Xəzər neftinin Qara dəniz regionuna nəqli marşrutları razılaşdırıldıqdan sonra biz ilk addımları atmağa başlayacağıq"

Azərbaycan prezidenti bildirib ki, Bakıda iki ölkə arasında energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. "Kiev energetika sammitindən sonra biz energetika əməkdaşlığının bütün şərtlərinin razılaşdırılması prosesinin intensivləşəcəyinə ümid edirik və bu ilin payızında keçiriləcək Bakı sammitinə qədər regionumuzda energetika əməkdaşlığının gələcəyini müəyyən edən ciddi qərarlar qəbul etməyə ümid edirik ".

Onun sözlərinə görə, məsələ, enerji daşıyıcılarının diversifikasiyasını nəzərə alaraq, daha böyük əhəmiyyət kəsb etməyə başlayır. "Ukrayna və Azərbaycan bu məsələdə fəal işləyir və biz prosesin daha fəal getməsi üçün səylərimizi birləşdirəcəyik. Ümid edirəm ki, nəzərdə tutduğumuz hər şey yerinə yetiriləcək".

Dövlət başçıları həmçinin bildiriblər ki, danışıqlar zamanı energetika məsələlərincən əlavə, humanitar və mədəni əməkdaşlıq da daxil olmaqla, başqa sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunub.

Bakı görüşündən sonra Azərbaycan və Ukrayna prezidentləri GUAM-ın 3-cü sammitində iştirak etmək üçün sabah Batumiyə gedəcək

Hazırda Azərbaycanla Ukrayna arasında 80 dövlətlərarası və hökumətlərarası saziş fəaliyyətdədir. Azərbaycan və Ukrayna BMT, AŞPA, ATƏT, QİƏT və digər təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Ekspertlər də iki ölkə arasında diplomatik münasibətlərin mövcud səviyyəsini müsbət qiymətləndirir. Azərbaycanın Xarici Siyasət Məsələləri üzrə keçmiş Dövlət müşaviri, "Xəzər" Araşdırmalar Fondunun prezidenti Vəfa Quluzadə hesab edir ki, Azərbaycan və Ukraynanı ümumi maraqların birləşdirir. Politoloqun fikrincə, hər iki dövlət Rusiyanın təzyiqlərinə qarşı birgə mübarizə aparmalıdır və bu baxımdan müzakirə üçün kifayət qədər mövzular var.

Cənab Quluzadə hər iki dövlətin beynəlxalq təşkilatlar çərçivəsində prinsipial məsələlər üzrə səsvermə zamanı bir-birinə dəstək verdiyini önə çəkib. Onun dediyinə görə, Azərbaycan və Ukrayna MDB hərbi-siyasi ittifaqında iştirak etmir, NATO və avroatlantik məkana inteqrasiya edir.

Politoloq iki ölkənin enerji məsələlərində də maraqlarının üst-üstə düşdüyünü qeyd edir. Onun fikrincə, Ukrayna Azərbaycanın enerji ehtiyatlarının həm alıcısı, həm də ərazisi vasitəsi ilə digər ölkələrə ötürülməsi üçün etibarlı tərəfdaşdır.

XS
SM
MD
LG