Accessibility links

“Azadlıq” qəzetinin redaktorunun həbsindən beynəlxalq təşkilatlar narahatdır  


“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin 4 il müddətinə həbs edilməsi beynəlxalq və yerli təşkilatların ciddi narahatlığına səbəb olub. Baş redaktor xuliqanlıq və bədənə az xəsarət yetirmə ittihamı ilə Yasamal rayon məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilib. İstintaq orqanları jurnalisti ötən ilin noyabrında iş yerinin qarşısında Vüsal Həsənov adlı bir şəxslə aralarında baş verən insidentə görə günahlandırıb. ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti bu gün müxalif "Azadlıq" qəzetinin baş redaktoru barəsindəki məhkəmə qərarını pisləyib. "Qənimət Zahid barəsində sərt hökm ölkə hökumətini tənqid edən sayca çox olmayan müxalif qəzetlərdən birinin redaktorunu səsdən məhrum edir. Xuliqanlıqda ittiham olunan Zahid üzərində məhkəmə prosesi zamanı hakim müdafiə tərəfin əsas şahidlərinə ifadə verməyə imkan verməyib. Jurnalistika ilə əlaqəsi olmayan ittihamlardan istifadə jurnalistlərə qarşı repressiya modeli olub”. Cənab Haraşti buna misal kimi həbsdə olan Sakit Zahidov və Eynulla Fətullayevin adını çəkir. Norveç səfirliyinin bəyanatında isə deyilir ki, məhkəmə prosesi baş redaktora qarşı irəli sürülmüş ittihamları sübuta yetirə bilməyib: «Səfirlik xüsusən seçki ilində azad mətbuata qarşı yönəlmiş belə hökmlərdən narahatdır». Norveç səfirliyi hesab edir ki, Azərbaycanın nüfuzu naminə jurnalistlərin saxta ittihamlarla həbs olunması hallarından qaçmaq daha yaxşı olardı. «Səfirlik hakimiyyəti Qənimət Zahidin ən tez zamanda azad edilməsi üçün bütün mümkün addımları atmağa çağırır». "Müsavat" partiyası məhkəmənin qərarını ən yüksək dairələrin sifarişi adlandırıb. "Baş redaktor barədə ən yüksək dairələrdən gələn sifarişlə təxribat planı qurulub, onu şərləyərək həbs ediblər. Hakim heç bir əsas olmadan ittiham tərəfinin saxta sübutlarını əsas götürərək belə bir biabırçı hökm çıxarıb". "Müsavat" partiyası jurnalistin həbsini söz və mətbuat azadlığına qarşı vurulan növbəti ağır zərbə kimi qiymətləndirir. "Biz hakimiyyətdən bu biabırçılığa son qoymağı, Qənimət Zahidin, eləcə də günahsız həbsə atılmış "Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayevin və satirik şair Mirzə Sakitin dərhal azadlığa buraxılmasını tələb edirik", deyə bəyanatda qeyd edilib. Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi də məhkəməsinin qərarını kəskin pisləyib. "Biz ədalət məhkəməsi adına olan bu məzhəkəni kəskin şəkildə pisləyirik və Zahidin dərhal azad edilməsinə çağırırıq. Cənab Zahid jurnalist fəaliyyətinin qarşısının alınması üçün həbs edilib. Biz Apellyasiya məhkəməsini bu işə yenidən baxmağa çağırırıq ", - deyə JMK-nin icraçı direktoru Coel Saymon bildirib Öz növbəsində, rəsmi hakimiyyət bu bəyanatlarla razılaşmır. İqtidarda olan “Yeni Azərbaycan” partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı beynəlxalq və yerli təşkilatların dediklərini qərəzli hesab edir.
XS
SM
MD
LG